Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun “Səlbir” yeri adlanan ərazisində arxeoloji qazıntılar başlanıb. Arxeoloji qazıntı işlərində Cənubi Koreyadan gələn bir qrup arxeoloq da iştirak edir.

Qəbələ qoruğunun direktoru Zahir Kərimov bildirib ki, “Səlbir” ərazisində qazıntı işləri AMEA Arxeologiya və Antropologiya İnstitutunun vəkalətnaməsi və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin qarşılıqlı razılaşdırılmasına əsasən aparılacaq.

Qəbələ Arxeoloji Mərkəzin akt zalında koreyalı qonaqlarla görüş keçirilib. Görüş zamanı ekspedisiya tərəfindən arxeoloji qazıntıların aparılması, əldə olunan arxeoloji materialların mühafizəsi və təhlükəsizliyinin təmin olunması, ərazinin və qazıntı sahələrinin təmizliyi və yanğından mühafizəsi, həmçinin qoruq tərəfindən arxeoloji ekspedisiyaya zəruri dəstəyin və lazımı köməkliyin göstərilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Cənubi Koreyadan olan arxeoloqlar tanışlıq məqsədilə təşkil olunan görüşə görə təşəkkürlərini bildirib, qarşılıqlı şəkildə birgə fəaliyyətləri üçün onlara SEBA təşkilatı tərəfindən yaradılan şəraitə, həmçinin göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.

Qoruğun direktoru Zahir Kərimov arxeoloji ekspedisiyanın üzvlərinə birgə aparacaqları arxeoloji tədqiqat işlərində uğurlar arzulayıb.

Xatırladaq ki, indiki Qəbələ qoruğu ərazilərdə ilk arxeoloji qazıntılar kəşfiyyat xarakterli olaraq 1926-cı ildə arxeoloq Davud Şərifovun rəhbərliyi altında aparılıb. 1944-1945-cı illərdə arxeoloji qazıntılar yenidən kəşfiyyat xarakterli olaraq arxeoloq Saleh Qazıyev tərəfindən davam etdirilib. 1959-cu ildə Azərbaycan SSRİ Elmlər Akademiyası tərəfindən Saleh Qazıyevin rəhbərliyi altında Qəbələ arxeoloji ekspedisiyası yaradılıb. 1990-cı ilədək arxeoloji ekspedisiyanın tərkibində arxeoloq Saleh Qazıyev, Firudin Qədirov, Qara Əhmədov, İlyas Babayev, Qafar Cəbiyev və digər arxeoloqlar Qoruq ərazisində arxeoloji qazıntı işləri aparıblar.

15 illik fasilədən sonra 2005-ci ildən SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, təşkilatçılığı və maliyyə dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun (indiki Arxeologiya və Antropologiya İnstitutu) mütəxəssisləri, 2009-cu ildən isə Cənubi Koreyadan olan arxeoloqlar qoruq ərazisində qazıntılar apararaq birgə fəaliyyət göstərirlər.