Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına yeni direktor təyinatı olub.
Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hacıbaba Məmmədov teatrın direktoru təyin edilib.
Hacıbaba İsmayıl oğlu Məmmədov 1 iyun 1964-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xanağa kəndində anadan olub. 1989-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu dram teatrı və kino aktyoru ixtisası üzrə bitirib. 1989–2000-ci illərdə “Yuğ” Teatrında, 2000–2002-ci illərdə Dövlət Pantomim Teatrında aktyor kimi çalışıb. Bakı Uşaq Teatrında və Akademik Milli Dram Teatrında müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
Bu təyinata qədər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktor müavini olub.
Hacıbaba Məmmədov 2019-cu ildə Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Xatırladaq ki, 2000-2025-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru olmuş İftixar Piriyev ötən ilin sentyabrında vəzifəsindən azad edilib. Sonrakı dövrdə teatrın direktoru vəzifəsini müvəqqəti Zivər Abbasova icra edib.





















