Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 116-cı mövsümün uğurla başa çatması münasibətilə kollektivlə görüş keçirilib.

Teatrın rəhbərliyi mövsüm ərzində görülən işlərə nəzər salaraq yaradıcı və texniki heyətin fəaliyyətini yüksək qiymətləndirib, repertuarın zənginləşdirilməsi, yeni səhnə əsərlərinin hazırlanması, qastrol səfərləri, beynəlxalq əməkdaşlıq və digər istiqamətlərdə əldə olunan nəticələri diqqətə çatdırıb.

116-cı teatr mövsümünün "Operetta inciləri" konsert proqramı ilə başa çatdığını deyən direktor Aqil Bəhramlı bildirib ki, mövsüm ərzində kollektiv tamaşaçılara bir-birindən maraqlı səhnə əsərləri təqdim edib.

Direktor əldə olunan uğurların bütün yaradıcı və texniki heyətin peşəkar, məsuliyyətli və fədakar əməyinin nəticəsi olduğunu qeyd edərək kollektivə təşəkkür edib və yeni uğurlar arzulayıb.

Görüş zamanı qarşıdan gələn mövsümdə həyata keçirilməsi nəzərdə tutulan yaradıcılıq planları və yeni layihələr barədə fikir mübadiləsi aparılıb.