Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov Daşkənddə Özbəkistanın mədəniyyət nazirinin birinci müavini Nodirbek Sayfullayev ilə görüşüb.
Özbəkistanın Mədəniyyət Nazirliyində keçirilən görüşdə iki ölkə arasında mədəni-humanitar əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.
Murad Hüseynov həmkarını yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək onu sentyabr ayında keçiriləcək XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına dəvət edib.
Tərəflər qarşılıqlı kino günlərinin təşkili, şəhərlər arasında birbaşa mədəni əlaqələrin qurulması, eləcə də birgə musiqi kollektivlərinin yaradılması və ortaq konsert proqramlarının həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, mədəniyyət nazirinin müavini Murad Hüseynov Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iyulun 17-də Daşkənd şəhərində keçirilən iclasında iştirak edib.























