İyulun 19-da Cənubi Koreyanın Busan şəhərində UNESCO-nun Dünya İrs Komitəsinin 48-ci sessiyası başlanıb.
Ölkəmiz sessiyada Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi, Azərbaycanın UNESCO üzrə Milli Komissiyası, Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyinin nümayəndələrindən ibarət heyətlə təmsil olunur.
Sessiyanın ümumi müzakirələri zamanı Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev ölkəmizin milli bəyanatını təqdim edib. Daimi nümayəndə ölkəmizin mədəni irsin qorunması sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Bəyanatda bildirilib ki, yaxın zamanda qəbul edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası mədəni irsin idarə olunması sisteminin təkmilləşdirilməsi, irs obyektlərinin sənədləşdirilməsi, onların hüquqi müdafiəsinin gücləndirilməsi və tarixi abidələrin bərpası istiqamətində uzunmüddətli strateji çərçivə yaradır.
Çıxışda həmçinin mina təhlükəsinin davam etdiyi ərazilərdə mövcud çətinliklərə baxmayaraq, mədəni irs obyektlərinin inventarlaşdırılması və sənədləşdirilməsi işlərinin davam etdirildiyi qeyd olunub.
Azərbaycanın daimi nümayəndəsi vurğulayıb ki, mədəni irsin qorunması istiqamətində görülən işlərin nəticələrindən biri kimi “Xınalıq xalqının mədəni landşaftı və Köç Yolu transhumans marşrutu” Dünya İrsi ərazisinin tərkib hissəsi olan Xınalıq kəndi 2025-ci ildə BMT Turizm Təşkilatı tərəfindən “Ən Yaxşı Turizm Kəndləri” siyahısına daxil edilib. Bu tanınma mədəni irsin qorunması ilə yerli icmaların və davamlı turizmin inkişafı arasındakı əlaqəni nümayiş etdirir.
Bəyanatda 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edildiyi də diqqətə çatdırılıb. Bildirilib ki, bu ilin may ayında Bakıda keçirilən XIII Dünya Şəhərsalma Forumunda təqdim olunan SECURE (Sustainable and Empowering Cultural Revitalization) təşəbbüsü mədəni irsin qorunması, dayanıqlı inkişaf və bərpa proseslərinə mühüm töhfə verə bilər.
***
Dünya İrs Komitəsi "Dünya mədəni və təbii irsinin qorunması üzrə Konvensiya"nın (1972) əsas idarəetmə orqanlarından biridir. Komitə hər il toplanaraq, Dünya İrs Siyahısına daxil edilməsi təklif olunan yeni obyektləri qiymətləndirir, həmçinin artıq siyahıya salınmış abidələrin və ərazilərin mühafizə vəziyyətini nəzərdən keçirir. Qərarlar UNESCO-nun məsləhətçi qurumlarının və Katibliyinin hazırladığı ekspert rəyləri əsasında qəbul edilir.
"Dünya mədəni və təbii irsinin qorunması üzrə Konvensiya"ya indiyədək 196 dövlət qoşulub. Konvensiyanın icra olunması ilə bağlı məsələlər 21 dövlətin təmsil olunduğu və tərkibi mütəmadi olaraq regionlar üzrə rotasiya-seçki qaydasında yenilənən Dünya İrs Komitəsi tərəfindən həyata keçirilir.
2025-ci ildə Azərbaycan növbəti dörd il müddətinə Dünya İrs Komitəsinə üzv seçilib. Dünya İrs Komitəsinin hazırkı tərkibi aşağıdakı kimidir:
Azərbaycan, Ermənistan, Banqladeş, Çexiya, Qrenada, Yamayka, Qazaxıstan, Keniya, Küveyt, Livan, Monqolustan, Peru, Polşa, Koreya Respublikası, Seneqal, İsveçrə, Toqo, Türkiyə, Ukrayna, Tanzaniya Birləşmiş Respublikası, Vyetnam.
Xatırladaq ki, Azərbaycan 2015–2019-cu illərdə də komitənin üzvü olub. 2019-cu ildə UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası Bakıda keçirilib.
***
2026-cı il sessiyasında dünyanın müxtəlif bölgələrindən təqdim olunmuş yeni namizədlərin Dünya İrs Siyahısına daxil edilməsi, təhlükə altında olan irs obyektlərinin vəziyyəti və onların qorunması üçün görüləcək tədbirlər əsas müzakirə mövzularıdır. Komitənin gündəliyində həm mədəni, həm də təbii irs nümunələrinin qiymətləndirilməsi yer alır.
UNESCO-nun son məlumatlarına görə, hazırda Dünya İrs Siyahısına 170-dən çox ölkədə yerləşən 1 200-dən artıq mədəni, təbii və qarışıq irs obyekti daxildir.
UNESCO-nun Dünya İrs Siyahısında Azərbaycandan 5 tarix-mədəniyyət və təbiət abidəsi var: Bakının tarixi mərkəzi – İçərişəhər, Qobustan qoruğu, Şəkinin tarixi mərkəzi (Yuxarı Baş qoruğu), Xınalıq və Köç yolu mədəni landşaftı və Hirkan Milli Parkını əhatə edən “Hirkan meşələri” (İranla birgə nominasiya) təbiət abidəsi.
Son iki nominasiya 2023-cü ildə Dünya İrs Siyahısına salınıb. Həmin il Dünya İrs Komitəsinin Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında Azərbaycanın Xocavənd rayonu ərazisində yerləşən qədim insan məskənləri – Azıx və Tağlar mağaraları UNESCO-nun Dünya İrs Komitəsinin İlkin siyahısına daxil edilib.
Cənubi Koreyanın Busan şəhərində UNESCO-nun Dünya İrs Komitəsinin 48-ci sessiyası iyulun 29-dək davam edəcək.
Vüqar Orxan





















