Lənkəran Dövlət Dram Teatrı iyulun 18-də 135-ci mövsümünü başa vurub.
Teatrdan bildirilib ki, mövsümün bağlanışında F.Şillerin "Məkr və məhəbbət" tamaşası nümayiş etdirilib.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Tamaşa teatrsevərlər tərəfindən rəğbətlə qarşılanıb.
Nümayişdən sonra Lənkəran Dövlət Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova çıxış edərək bildirib ki, 135-ci mövsüm kollektiv üçün uğurlu və məhsuldar olub. Mövsüm ərzində teatrın repertuarı rəngarəngliyi ilə seçilib. Yaradıcı heyət respublikamızın müxtəlif bölgələrinə 31 dəfə uğurlu qastrol səfəri edib.
Direktor vurğulayıb ki, teatr yeni mövsümdə də tamaşaçıları yeni səhnə əsərləri ilə sevindirməyə davam edəcək: “Bizimlə olan hər bir kəsə, xüsusilə Lənkəran ictimaiyyətinə və sadiq tamaşaçılarımıza dərin minnətdarlığımı bildirirəm"

























