İyulun 18-də  Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 116-cı teatr mövsümünün bağlanışı münasibətilə “Operetta inciləri” adlı konsert proqramı təqdim olunub.

Konsertdə Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Fikrət Əmirov, Süleyman Ələsgərov, Ramiz Mustafayev, Rauf Hacıyev, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Oqtay Kazımi və Sərdar Fərəcovun, eləcə də əcnəbi bəstəkarlar Yohann Ştraus, Frans Leqar, İmre Kalman, Alice Dona və Rikardo Koçantenin operettalarından seçilmiş ariya və duetlər səsləndirilib.

Dirijor, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin rəhbərlik etdiyi teatrın simfonik orkestrinin müşayiəti ilə keçirilən konsertdə Əməkdar artistlər Nadir Xasiyev, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Prezident mükafatçısı Ülviyyə Əliyeva, Firus Məmmədov, Mehriban Zaliyeva, Şaban Cəfərov, Eleonora Mustafayeva, Səmədzadə Xasiyev, Emin Zeynallı, Nərmin Əliyeva, Gültac Əlili, Əli Kərimov, Olqa Giorgiyeva, İlahə Rüstəmova və Orxan Hüseynli, solo tar ifaçısı Əməkdar artist Elxan Mansurov, eləcə də xor artistləri çıxış ediblər.

Bağlanış mərasiminin quruluşçu rejissoru Cavid İmamverdiyev,  xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Sevinc Məmmədovadır.