Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkil etdiyi Vaqif Poeziya Günləri çərçivəsində iyulun 17-də Ağdam Muğam Mərkəzində TÜRKSOY-un tərəfdaşlığı ilə “Sözün sabahı – Türk dünyasının gənc şairlər festivalı” keçirilib.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov Vaqif Poeziya Günlərinin Azərbaycan mədəniyyətinin zəngin tarixinə malik mühüm ədəbi-mədəni hadisələrdən biri olduğunu qeyd edib.
“İşğaldan azad olunan ərazilərdə hazırda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri milli mədəniyyətimizin dirçəlişini bütün dünyaya aydın şəkildə nümayiş etdirir. Beş il əvvəl doğma Şuşada yenidən bərpa olunan bu poeziya bayramı ildən-ilə daha da genişlənir və əhatə dairəsini artırır”, – deyə F.Cəfərov əlavə edib.
TÜRKSOY-un baş katibi Sultan Raev ortaq mədəniyyətin türk xalqlarını eyni dəyərlər ətrafında sıx şəkildə bir araya gətirdiyini deyib: “Xalqları bir-birinə bağlayan ən böyük qüvvə mədəniyyət, Türk dünyasını birləşdirən ən güclü körpülərdən biri isə ədəbiyyatdır. Bu cür tədbirlər Türk dünyasının ortaq tarixinə, mədəniyyətinə və gələcəyinə olan inamı daha da gücləndirir. Festivalın hər il Türk dünyasının fərqli şəhərlərində təşkil olunaraq gözəl ənənəyə çevrilməsini arzu edirik”.
Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu bildirib ki, bu gün Şuşada, Ağdamda yenidən musiqi səslənir, şeirlər oxunur və şəhər öz əsl mədəni ruhuna qovuşub. Belə əhəmiyyətli ədəbi-mədəni tədbirlərin Qarabağda keçirilməsi böyük sevinc hissi doğurur.
Ankara Sosial Elmlər Universitetinin rektoru Musa Kazım Arıcan və Türkiyə Yazıçılar Birliyinin sədri Muhammed Enes Kala çıxışlarında Şuşanın Türk dünyasının ən mühüm mədəniyyət mərkəzlərindən biri olduğunu vurğulayıblar. Onlar bildiriblər ki, poeziya türk xalqlarının ortaq mənəvi irsidir. Qeyd olunub ki, Bəxtiyar Vahabzadə, Hüseyn Cavid və Türk dünyasının digər görkəmli şairlərinin irsi gənc qələm sahibləri üçün örnək olmalı, onlar bu irsi öyrənərək dünyaya tanıtmağın yollarını axtarmalıdırlar.
Daha sonra Türk dünyasının gənc şairləri şeirlrərini söyləyiblər.






















