Beynəlxalq Muğam Mərkəzinin (BMM) Cahangir Cahangirov adına Xoru Türkiyədə, IV Beynəlxalq İstanbul Xor Festivalında uğurla iştirak edib.

BMM-dən bildirilib ki, “Dünyanın səsləri İstanbulda birləşir!” şüarı ilə təşkil olunan festival Türkiyənin və müxtəlif ölkələrin peşəkar və həvəskar xor kollektivlərini bir araya gətirib.

Festivalın konsert proqramları İstanbulun konsert salonlarında və açıq hava məkanlarında təşkil olunub.

Cahangir Cahangirov adına Xorun təqdim etdiyi repertuar tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib. Kollektiv Azərbaycan milli xor sənətinin zəngin ənənələrini və musiqi mədəniyyətini beynəlxalq auditoriyaya yüksək peşəkarlıqla təqdim edib.

Xorun bədii rəhbəri Əməkdar müəllim, Prezident mükafatçısı Təranə Yusifova festivalda Azərbaycanı təmsil etməkdən qürur duyduqlarını bildirib. O, kollektivə göstərilən diqqət və dəstəyə görə Mədəniyyət Nazirliyinə dərin minnətdarlığını ifadə edib.

Cahangir Cahangirov adına Xorun beynəlxalq festivallarda iştirakı Azərbaycan xor sənətinin dünyada tanıdılması, milli musiqi irsinin təbliği və müxtəlif ölkələrin musiqi kollektivləri ilə yaradıcılıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.