Mədəniyyət naziri Adil Kərimli iyulun 14-də Yardımlı rayonunun Urakəran kəndi ərazisində yeni aşkar edilmiş antik dövr yaşayış məskənində aparılan arxeoloji çöl-tədqiqat işləri ilə tanış olub.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev ərazidə aparılan tədqiqatlar barədə nazirə məlumat verib.
Qeyd edək ki, Yardımlı rayonunun Urakəran kəndi ərazisində Azərbaycan-ABŞ elmi ekspedisiyası tərəfindən eramızdan əvvələ aid antik yaşayış məskəninin qalıqları aşkarlanıb.
Ərazidə qədim istehsalat və təsərrüfat izləri üzə çıxıb. Tədqiqatlar rayonun Viləş çayının sol sahilində, dağlıq zonada aparılır. "Seyidin yeri" adlı bu ərazi qədim dövrün irimiqyaslı yaşayış məskəni hesab edilir.
Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Cənub-şərq dağlıq ərazilərinin antik dövr abidələrinin tədqiqi ekspedisiyasının rəhbəri Ceyhun Eminli bildirib ki, bu, Azərbaycan dövlətçiliyi tarixində xüsusi əhəmiyyətli olan Atropatena dövlətinin tarixi ərazisidir: “Məhz bu ərazidə də qeyd olunan dövrə aid yaşayış məskənlərini aşkar etmək olduqca önəmlidir. Tədqiqat müddətində burada iri tikili qalıqları aşkar edə bildik və ümumilikdə bu, 2200 illik tarixi əhatə edir. Tədqiqat prosesində məlum oldu ki, burada eyni xronoloji çərçivədə, yəni bir-birindən bir neçə yüzillik fərq olmaq şərti ilə iri tikililər salınıb. Tədqiqat prosesində otaqlar da aşkar edildi. Müdafiə istehkamı olan müəyyən hissələri var. Tədqiqatlar göstərir ki, burada o dövrdə yanğın baş verib, tavanlar yanaraq dağılıb" (APA).
Onun sözlərinə görə, arxeoloji tapıntılar bu ərazidə məhz eramızın birinci əsrinin əvvəllərindən yerli şüşə istehsalının olduğunu təsdiq edir.
Bildirilib ki, AMEA və ABŞ-ın Los-Anceles Universitetinin alimləri qədim Atropatena ərazisinin dağlıq bölgələrindəki urbanizasiya proseslərini də araşdırırlar. Toplanan orqanik nümunələrin dərindən analizi ABŞ-ın Hamilton Kollecində laboratoriya şəraitində aparılacaq.
Los-Anceles Kaliforniya Universitetinin arxeologiya üzrə professoru Lara Fabianın sözlərinə görə, ərazidə daha da qədim antik materiallar var: “Bu il buradan ayrıldıqdan sonra mən və arxeoloq həmkarlarım bu tapıntılar haqqında elmi məqalələr yazmağa davam edəcəyik. Məqsədimiz bu materialları tanıtmaq və Azərbaycanın zəngin arxeoloji irsinə daha çox diqqət cəlb etməkdir. Ümid edirəm ki, gələcəkdə də bu ərazidə tədqiqatlarımızı davam etdirə biləcəyik. Çünki bu, çox mühüm arxeoloji abidədir və onun öyrənilməsi, eyni zamanda qorunması böyük əhəmiyyət daşıyır”.
Qeyd edilib ki, araşdırmalar nəticəsində xeyli sayda orqanik nümunələr toplanıb. Geniş ərazini əhatə edən bu kompleksin tam strukturunu müəyyən etmək üçün növbəti illərdə müasir texnoloji vasitələrlə daha irimiqyaslı qazıntılar planlaşdırılır.























