Mədəniyyət Nazirliyinin və ölkəmizin Özbəkistandakı səfirliyinin tabeliyindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Azərbaycan mədəniyyətinin yay məktəbi” layihəsi həyata keçirilir.
Layihə çərçivəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə “Dostluq” adlı konsert proqramı təqdim olunub.
Gəncə Dövlət Filarmoniyasının yay zalında keçirilən konsertdən öncə Heydər Əliyev adına AMM-nin rəhbəri Akif Marifli çıxış edərək layihənin Azərbaycan və Özbəkistan xalqları arasında mədəni dialoqun genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, bu cür təşəbbüslər iki qardaş xalqın zəngin mədəni irsinin qarşılıqlı təbliğinə xidmət edir.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru Xalq artisti Aygün Səmədzadə və AMEA-nın Gəncə Bölməsinin elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini Əlimuxtar Muxtarov çıxışlarında Azərbaycan və Özbəkistan xalqları arasında münasibətlərin ortaq tarixi köklərə, zəngin mədəni irsə, milli-mənəvi dəyərlərə və qədim musiqi ənənələrinə əsaslandığını bildiriblər.
Qeyd olunub ki, bu cür mədəni layihələr gənc nəslin milli irsə bağlılığının gücləndirilməsinə, xalqlarımız arasında tarixi-mədəni əlaqələrin gələcək nəsillərə ötürülməsinə, eləcə də iki ölkənin elm, mədəniyyət və incəsənət nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verir.
Daha sonra tədbir rəngarəng musiqili-bədii proqramla davam edib.
Özbəkistandakı Heydər Əliyev adına AMM-nin “Xarıbülbül” teatr truppasının üzvləri və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri Azərbaycan və Özbəkistan mədəniyyətinin zəngin musiqi və rəqs nümunələrini təqdim ediblər.
Konsert proqramı Azərbaycan və Özbəkistan gəncləri arasında yaradıcılıq əlaqələrinin genişlənməsinə, iki qardaş xalqın mədəniyyətinin qarşılıqlı təbliğinə və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə töhfə verən mədəni hadisə kimi qiymətləndirilib.



























