“OD Media Production” tərəfindən istehsal olunan “Sərt gözəllik” tammetrajlı sənədli filminin istehsalı yekunlaşmaq üzrədir.

Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin ötənilki müsabiqəsinin qalib layihələrindən olan film ölkənin ən yüksək dağ kəndlərindən birində – Xınalıqda (Quba rayonu) köçəri həyat tərzi sürən ailələrdən bəhs edir.

Ekran əsərində mövsümi köç səbəbindən internat məktəbində təhsil alan uşaqların gündəlik həyatı, ailə həsrəti və təhsil uğrunda qarşılaşdıqları çətinliklər əks olunur.

Çəkilişlər Xınalıq və qışlaq ərazilərində aparılıb, final səhnələrinin isə yaylaqda lentə alınması nəzərdə tutulur. Filmin əsas məqsədi valideynlərin övladlarının təhsil alması naminə göstərdikləri fədakarlığı və ailə dəyərlərinin əhəmiyyətini tamaşaçıya çatdırmaqdır.

Filmin rejissoru Seyran Mahmudoğlu, ssenari müəllifi Esmira Eyyubdur.