AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun mərhum alimi, görkəmli tədqiqatçı, tarix elmləri doktoru, professor Fərid Ələkbərlinin (1964–2021) “Vatikan arxivlərində saxlanan Azərbaycana aid əlyazmalar” kitabı rus dilində (“Фарид Алекберли. Рукописи, связанные с Азербайджаном в архивах Ватикана”) nəşr olunub.
Bu barədə institutdan məlumat verilib.
Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə çap edilən kitabı rus dilinə institutun böyük elmi işçisi İradə Vəzirova və elmi işçisi Nigar Məmmədova tərcümə ediblər.
Kitaba Vatikanın Məxfi Arxivində və Apostol Kitabxanasında mühafizə olunan Azərbaycana aid əlyazmalar haqqında ilkin məlumatlar daxil edilib.
Bu məlumatları kitabın müəllifi – Fərid Ələkbərli 2010-2014-cü illərdə Vatikana ezamiyyəti zamanı əldə etmiş və toplamışdı. Ezamiyyətlərin məqsədi Vatikan kitabxanalarında Azərbaycanla bağlı saxlanılan tarixi sənədlərin aşkar edilməsi və onların ilkin tədqiqata cəlb edilməsi olmuşdur.
Tədqiqat zamanı Vatikan Məxfi Arxivlərində 700-dən çox sənəd araşdırılmış və Azərbaycan tarixinə aid 85 sənəd aşkar edilmişdir. Həmçinin Vatikan Apostol Kitabxanasında aparılan araşdırmalar zamanı 400-dən çox qədim əlyazma əsəri tədqiqata cəlb edilmiş və Orta əsr Azərbaycan müəlliflərinə məxsus 80 qədim əlyazma əsəri aşkar edilmişdir.
Qeyd edək ki, yeni nəşrin redaktoru tarix e.d., dosent Rəna Məmmədova, rəyçiləri fəl.e.d., dosent Zəkiyyə Əbilova və böyük elmi işçi Xatirə Kərimovadır.



















