Sumqayıt Dövlət Dram Teatrında Xalq şairi, yazıçı-publisist Sabir Rüstəmxanlının "Sürgün sevgi" əsəri əsasında eyniadlı tamaşa hazırlanır.
Tamaşa müəllifiin 80 illik yubileyi münasibətilə dövlət sifarişi əsasında səhnələşdirilir.
Teatrdan bildirilib ki, ikihissəli faciə janrında səhnə əsərinin bədii rəhbəri Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rejissoru Ağalar İdrisoğlu, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, quruluşçu rəssamı Osman Salmanov, tərtibatçı rəssamı Nizami Dadaşev, plastik hərəkətlər və rəqslər üzrə quruluşçu Kamil Ağazadə, videoqrafı Rais Bəhramidir.
"Sürgün sevgi" XX əsrin müxtəlif tarixi mərhələlərində Azərbaycan xalqının üzləşdiyi ağır sınaqlardan bəhs edir. Tamaşada 1930–1940-cı illərin repressiyaları, 20 Yanvar faciəsi, 1987–1993-cü illərdə ölkədə hökm sürən ictimai-siyasi gərginlik, xaos, vətəndaş qarşıdurması və həmin dövrün ağır ictimai reallıqları bədii müstəvidə əks olunur.
Səhnə əsərində eyni zamanda 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı, ölkədə vətəndaş qarşıdurmasının qarşısının alınması, dövlətçiliyin qorunması istiqamətində atdığı addımlar, eləcə də Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan və çətin dövrlərdə xalqın yanında olan ziyalıların fəaliyyəti bədii şəkildə təqdim edilir.
Tamaşada Xalq artisti Valeh Kərimov, Əməkdar artistlər Rauf Ağakişiyev, Xatirə Süleymanova, Cəlal Məmmədov, Elmira Kərimova, Fəranə Musayeva, İlahə Səfərova, Vidadi Məmmədov, Sədaqət Nuriyeva, aktyorlar Vəfa Qurbanova, Rövşən Əsgərov, Elay Xasıyev, Məryəm Hüseynli, Əjdər Zeynalov, Habil Xanlarov, Mətanət Əmrullayeva, Yeganə Məmmədvəliyeva, Emil Həmidov, Günəş Bağırova, Cavanşir Eyyubzadə, Şəms Abdullayeva, Elmir Mehdiyev, Mətləb Səfərli, İlham Səfərli, Dağlar Rüstəmov, Şəhla Məmmədova, Akif Mirzəyev, Rövşad İlyasov, Siyavuş Mahmudov və Kamran Muradlı iştirak edirlər.
"Sürgün sevgi" tamaşasının yeni teatr mövsümündə sənətsevərlərə təqdim olunması planlaşdırılır.

























