F.Köçərli adına Respublika Uşaq Kitabxanası iyulun 10-da “Kitabxanada yay–2026” proqramı çərçivəsində maarifləndirici tədbir təşkil edib.
Kitabxanadan verilən məlumata görə, tədbirdə müxtəlif yaş qruplarını təmsil edən uşaqlar fəal iştirak ediblər.
Əvvəlcə uşaqlar üçün kitabxanaya ekskursiya təşkil olunub, onlara kitabların texniki işlənməsi prosesi haqqında məlumat verilib.
Tədbir iştirakçıları müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş uşaq ədəbiyyatı nümunələri haqqında məlumat əldə ediblər, oxuduqları əsərlər ətrafında fikir mübadiləsi aparıblar.
Proqramın davamında bəzi kitabların məzmunu əsasında süni intellekt və müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə olunaraq hazırlanmış video icmallar təqdim olunub. Süni intellekt vasitəsilə kitabların məzmununu daha interaktiv və vizual formada nümayiş etdirən təqdimat böyük maraqla qarşılanıb.
Tədbirin sonunda yaradıcılıq yönümlü master-klas təşkil olunub. İştirakçılar müxtəlif rəngli əlfəcinləri öz zövq və fantaziyalarına uyğun şəkildə bəzəyiblər. Fəaliyyət uşaqların estetik zövqünün formalaşdırılmasına, əl bacarıqlarının və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə xidmət edib.
Uşaqların yay tətilində asudə vaxtlarının səmərəli təşkili, onların kitabxana ilə yaxından tanış olması, mütaliəyə marağının artırılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və müasir texnologiyaların təhsil və mütaliə sahəsində tətbiqi barədə məlumatlandırılması məqsədi daşıyan bu qəbildən tədbirlər davam edəcək.






















