Gəncə Dövlət Milli Dram Teatrı 130-cu mövsümünü iyulun 17-də başa vuracaq. Həmin gün teatrda Abdulla Elşadlının tərcümə və səhnələşdirməsi əsasında hazırlanmış “Zəhri-Mar” tamaşası göstəriləcək.
Bu barədə Gəncə Dövlət Milli Dram Teatrının repertuar və dramaturgiya üzrə mütəxəssisi, teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev məlumat verib.
Onun sözlərinə görə, kollektiv bu mövsüm ərzində bir-birindən maraqlı səhnə əsərləri ilə tamaşaçıların görüşünə gəlib. Mövsümün son tamaşasında da teatr cəmiyyət üçün olduqca aktual mövzulardan birinə müraciət edir. “Zəhri-Mar” tamaşası narkomaniya bəlasının ailələrə, insan talelərinə və bütövlükdə cəmiyyətə vurduğu mənəvi zərbələri bədii-estetik vasitələrlə izləyiciyə çatdırır.
Xatırladaq ki, yeni tamaşanın premyerası iyunun 24-də olub.
Anar Ərtoğrul Burcəliyev bildirib ki, yubiley mövsümündə klassik və müasir dramaturgiyanın uğurlu nümunələrini səhnələşdirərək repertuarını zənginləşdirən Gəncə Dövlət Milli Dram Teatrı yeni mövsümdə də sənətsevərlərin qarşısına maraqlı tamaşalarla çıxacaq.






















