Gəncə Şəhər İcra Hakimiyyətinin və Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə keçirilən XV “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı başa çatıb.
Festivalın iyulun 3-də təşkil olunan bağlanış mərasimində Azərbaycan, Türkiyə və Qırğızıstanın musiqi və rəqs kollektivləri çıxış ediblər.
Qırğızıstanın Bişkek şəhərində fəaliyyət göstərən "Seytek" Milli Uşaq və Gənclər Mərkəzinin "Ak-Niyyət" xalq xoreoqrafiya ansamblının, Türkiyənin Trabzon Böyükşəhər Bələdiyyəsinin Xalq Rəqsləri Ansamblının, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının, estrada ansamblının (bədii rəhbər Şəhriyar Tağıyev), rəqs kollektivinin (baletmeyster Sənan Cavadov) və "Xəmsə" ritm qrupunun çıxışları alqışlarla qarşılanıb.
Bədii hissədən sonra Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibinin müavini Sayit Yusuf çıxış edərək festivalın Türk dünyasının ortaq mədəni irsinin tanıdılması, xalqlar arasında dostluğun və mədəni əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, festivalın yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkür edib və bu ənənənin gələcək illərdə də davam etdiriləcəyinə inandığını vurğulayıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, "İpək Yolu" Beynəlxalq Musiqi Festivalının ilk dəfə Gəncədə keçirilməsi şəhərin zəngin mədəni irsinə və yaradıcı potensialına verilən yüksək qiymətin göstəricisidir. Qeyd edib ki, müxtəlif ölkələrdən sənət adamlarını bir araya gətirən festival mədəniyyətlərarası dialoqun inkişafına, Türk dünyası ilə digər xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsinə mühüm töhfə verir.
Bağlanış mərasiminin sonunda festivalın bədii rəhbəri Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, TÜRKSOY baş katiinin müavini Sait Yusuf və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən festival iştirakçılarına təşəkkürnamə və xatirə hədiyyələri təqdim olunub.



























