Sənətin əvəzsiz keşikçisinin sönməz işığına ithaf...

Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev 77 illik ömrünün 43 ilini sənətə həsr etmiş, 50-dən çox kitabın və minə yaxın elmi-publisistik məqalənin müəllifidir. O, Azərbaycan təsviri sənət tarixinin yorulmaz tədqiqatçısı kimi sənətşünaslıq elmində zəngin elmi irs formalaşdırmışdır. Bu gün də onun əsərləri və araşdırmaları Azərbaycan sənətşünaslığının ən dəyərli mənbələri sırasında yer alır.

Onun elmə və yazıya olan marağı hələ uşaqlıq illərindən özünü büruzə verirdi. Mütaliəyə böyük həvəs göstərir, kitabları böyük maraqla oxuyurdu. Elə həmin illərdə ilk kiçik yazıları qəzet səhifələrində dərc olunmağa başlamışdı. Məktəb illərində fəallığı və yazı qabiliyyəti ilə seçildiyinə görə ona "məktəbin kiçik jurnalisti" adı verilmişdi. Sənətşünaslıq sahəsində ilk addımlarını isə 1977-ci ildə atmışdır. Həmin il "Yeni Şirvan" qəzetində dərc olunan "Kələxanada xəzinə varmı?" sərlövhəli məqaləsi onun bu sahədə ilk ciddi çıxışı olmuşdur.

Lakin Ziyadxan Əliyevin fəaliyyətini yalnız yazdığı kitablarla və elmi nailiyyətləri ilə dəyərləndirmək mümkün deyil. Onun sənətə münasibətinin kökündə ömür boyu qoruduğu mənəvi dəyərlər dayanırdı. Məhz bu bağlılıq onu təkcə sənəti araşdıran alimə deyil, həm də sənət irsinin keşiyində dayanan mənəvi varisə çevirmişdi. Çünki bəzi ömürlər başa çatdıqdan sonra belə davam edir. Onlar bunu arxalarında qoyduqları maddi sərvətlə deyil, yaşatdıqları mənəvi dəyərlərlə bacarırlar. Bəzən bu miras nə qan bağından, nə də soy-kökündən gəlir. O, yad bir ürəkdə özünə yuva salır. Belə mənəvi bağlılıqlar tarix boyu sənətin inkişafında mühüm rol oynamışdır. Bir sənətkarın yaratdığı dəyərlər başqa insanların düşüncəsində, baxışında və əməyində yeni ömür qazanmışdır. Məhz bu cür mənəvi varislik əsl sənət məktəblərini formalaşdırır. Belə miraslar öz davamını onları anlayan, qoruyan və gələcək nəsillərə çatdıran insanların ömründə tapır. Onlar sənətin yalnız seyrçisi deyil, həm də onun yaddaşını yaşadan insanlara çevrilirlər.

Səttar Bəhlulzadə irsinin layiqli davamçısı və təbliğatçısı olan Ziyadxan Əliyevin keçdiyi yol da bu həqiqətin ən gözəl təsdiqidir. Sənət onun üçün sadəcə peşə deyil, mənəvi bir missiya idi. Ömür boyu qoruduğu bu irsin bu gün öz ailəsində yeni nəfəs tapması onun əziz xatirəsinə göstərilə biləcək ən gözəl sədaqət nümunəsidir. Bu yol mənim üçün atamdan mənə qalan xatirələrin, sənət ruhunun və mənəvi məsuliyyətin davamıdır. Bəzən davamçılıq sözlə yox, yolun özündə qalmaqla özünü göstərir.

Ziyadxan Əliyev Azərbaycanın bölgələrini qarış-qarış gəzər, çoxlarının tanımadığı, lakin böyük istedada malik sənət adamlarını axtarıb tapar, onların adını sənət dünyasına çatdırmağa çalışardı. Sanki görünməyən istedadlara işıq tutmaq onun həyat amalına çevrilmişdi. Bu gün hiss edirəm ki, atamın çırağı mənə təkcə işıq deyil, onun mənəviyyatını, ruhunu və əvəzsiz sənət yolunu davam etdirmək məsuliyyəti kimi əmanət edilib. Bu yol Ümummilli Lider Heydər Əliyevin hər kəsə məlum olmayan portretlərinin axtarışı ilə başladı. Əsərin müəllifinin kimliyini araşdırdıqca anladım ki, əslində, axtardığım məni tamam başqa bir ünvana aparır. Bir təsadüf kimi başlayan bu yol qarşıma yeni qapılar açdı, məni indiyədək tanımadığım bir sənət dünyası ilə tanış etdi və araşdırmalarımın istiqamətini dəyişən yeni üfüqlər qazandırdı. Hər çıraq bir ocaqdan alışdığı kimi, mənim də keçdiyim bu yolun başlanğıcında Azərbaycan təsviri sənətinin böyük ustadlarından biri – Səttar Bəhlulzadə dayanır. Bu yolun hər addımında isə qarşıma onun sənətini dərindən anlayan və ömrünü bu irsin yaşadılmasına həsr edən bir insan çıxırdı, sənətşünas Ziyadxan Əliyev...

Zaman keçdikcə Səttar Bəhlulzadənin irsi ilə Ziyadxan Əliyevin sənət baxışı arasında uzanan mənəvi xətt yeni ünvanlar qazanır. Bu xətt üzərində rastlaşdığımız növbəti ad isə Göyçay rayonundan olan gənc rəssam Nərmin Ağayevadır. Onun ailə tarixində də Səttar Bəhlulzadənin adı yad deyil. Nərmin xanımın nənəsi böyük rəssamın xalası qızı idi. Bu səbəbdən Səttar haqqında ailədə qorunub saxlanılan xatirələr nəsildən-nəslə ötürülərək bu günə qədər gəlib çatmışdır.

Nərmin Ağayevanın hekayəsi yalnız bir rəssamın yaradıcılıq yolundan bəhs etmir. Burada ailədən gələn sənət sevgisi, atadan və babadan ötürülən estetik baxış, Səttar Bəhlulzadə ilə bağlı ailə xatirələri və sənətə sədaqət anlayışı bir-biri ilə qovuşur. Onun sənətə marağı uşaqlıq illərindən başlayıb. Sənətkar ailəsində böyüməsi, ailədə sənətə göstərilən hörmət və estetik zövq onun formalaşmasında mühüm rol oynayıb. Ailə yaddaşında xüsusi yer tutan Səttar Bəhlulzadə haqqında xatirələr də bu irsin ayrılmaz hissəsidir. Bəzən böyük sənətkarları onların əsərlərindən əvvəl, onlar haqqında danışılan xatirələr yaşadır. Bu xatirələr kitab səhifələrində deyil, ailələrin yaddaşında yaşayır.

Nənəsinin danışdıqlarında Səttar hamının tanıdığı böyük rəssamdan əvvəl sənətinə vurğun, öz daxili aləmində yaşayan bir insan idi. Deyilənə görə, evdə kiçik bir otağı varmış. O otağa daxil olan kimi ilk diqqəti çəkən səliqəsizlik deyil, yaradıcılığın özünəməxsus nizamı olarmış. Döşəmədə, masanın üstündə, divar diblərində hər tərəfə səpələnmiş fırçalar, boya qabları, eskizlər... O qədər qarışıqlıq olarmış ki, insan iki dəqiqə oturmağa belə yer tapa bilməzmiş. Amma görünür, həmin qarışıqlıq yalnız onun ruhuna məxsus bir nizam idi.

Uşaqlar maraqla otağına boylananda isə çox qalmağa imkan tapmazmışlar. O, dərhal işindən başını qaldırıb deyərmiş: "Çıxın otaqdan, məni tək qoyun. Mən rəsm çəkirəm, məni narahat etməyin." O zaman bu sözlər uşaqlara deyilmiş adi bir xəbərdarlıq kimi görünə bilərdi. İllər keçdikcə isə məlum olur ki, o otağın qapısı əslində yaradıcılığın sükutunu qoruyurmuş.

Nənəsinin xatirələrində Səttar bir qədər dəlisov, sərbəst ruhlu insan idi. Çox danışmağı sevməz, insanların gurultusundan çox öz düşüncələrinin səsini dinləyərdi. Sanki hamının yaşadığı dünyadan fərqli, yalnız özünə məxsus bir aləmdə yaşayırdı. Onun ən yaxın sirdaşı təbiət, ən sədaqətli dostu isə fırçası idi. Geyiminə də xüsusi əhəmiyyət verməzmiş. Bəzən adi kişi maykası geyinər, üzərinə jilet alar, saç-saqqalı dağınıq gəzərmiş. Onun üçün bunların heç biri önəm daşımırdı. Çünki zahiri görünüşdən daha qiymətli olan daxilində yaratdığı sənət dünyası idi. Günlərlə otağından çıxmadan işləyər, zamanın necə keçdiyini hiss etməzmiş.

Xatirələrdə yaşayan Səttar Bəhlulzadə bütün varlığı ilə sənətə bağlı, öz daxili aləmində yaşayan, ömrünü yaradıcılığa həsr etmiş bir sənətkar obrazıdır. Bu xatirələr bir daha göstərir ki, sənət yalnız öyrənilən peşə deyil. O, nəsildən-nəslə ötürülən mənəvi irs, əqidə və həyat fəlsəfəsidir. Çünki sənəti yaşadan təkcə fitri istedad deyil, həm də ailədən gələn ruh, əqidə və ona bəslənən sonsuz sevgidir. Ziyadxan Əliyev də bu mənəvi irsin dəyərini sözə və tarixə çevirən sənətşünaslardan biri idi. Azərbaycan təsviri sənətinin görkəmli sənətşünası, tədqiqatçı və publisisti kimi o, zəngin yaradıcılığı və sənətə sonsuz bağlılığı ilə yadda qalan ziyalılardan biri oldu.

Ziyadxan Əliyev Səttar Bəhlulzadəni təkcə tədqiqat obyekti kimi deyil, milli ruhun daşıyıcısı olan böyük sənətkar kimi dəyərləndirirdi. Onun yazılarında Səttar Bəhlulzadənin yaradıcılığı torpaqla insan arasındakı mənəvi bağlılığın, təbiətin fəlsəfəsinin və sənətkarın daxili azadlığının ifadəsi kimi şərh olunur. Səttar Bəhlulzadə təbiəti olduğu kimi deyil, hiss etdiyi kimi təsvir edən nadir rəssamlardan idi. O, mənzərəni daxili duyğularının aynasına çevirərək Azərbaycan rəngkarlığında özünəməxsus bədii dil yaratmışdı. Onun tablolarına baxarkən insan sadəcə dağları, dənizi və bağları görmür, həmin mənzərələrin ruhunu hiss edir. Rəssam üçün təbiət cansız bir obyekt deyil, danışan, sevən, kədərlənən canlı bir varlıq idi. Onun əsərlərində Xəzər dənizi sadəcə dalğalanmır, sanki düşünür, Abşeron torpağı isə susmur, öz tarixini pıçıldayır. Səttar Bəhlulzadə Azərbaycan mənzərə rəssamlığında yeni nəfəs yaratmış, milli ruhu müasir rəssamlıq dili ilə vəhdətdə təqdim etməyi bacarmışdır. Onun yaratdığı sənət dünyası təkcə əsərlərində deyil, ondan ilham alan insanların düşüncəsində və yaradıcılığında da yaşamağa davam edir.

“Elə insanlar var ki, sağlığında ölməzlik qazanır, öləndən sonra yaşamaq hüququ." Bu dərin məzmunlu fikri Ziyadxan Əliyev müxtəlif sənətkarlar haqqında söyləyirdi. Bu gün isə həmin sözlər elə onun öz ömrünün də ən doğru ifadəsinə çevrilib. Çünki o, yalnız sənəti araşdıran, onu təbliğ edən sənətşünas deyildi. O, sənətə sədaqətin, dostluğun və əqidənin canlı təcəssümü idi.

Ömrünün son aylarında Ziyadxan Əliyev Səttar Bəhlulzadə haqqında deyirdi ki, ona "öldü" sözü yaraşmır. Onun fikrincə, sənəti yaşadan insanlar var olduqca sənətkar da yaşayır. Bu gün isə həmin cümləni onun özü haqqında da eyni inamla söyləmək mümkündür. Sənət də elə budur. O, zamanın qarşısında susmayan, nəsillər dəyişsə də sönməyən bir işıqdır. Və o işıq yalnız əsərlərdə deyil, onu yaşatmağı özünə borc bilən insanların qəlbində yaşayır. Çünki insanı yaşadan yalnız yaşadığı illər deyil. Onu yaşadan arxasında qoyduğu iz, aşıladığı dəyərlər, qoruduğu əqidə və başqalarının yoluna çevrilən ömrüdür.

Səttar Bəhlulzadə yaratdığı əsərlərlə, Ziyadxan Əliyev yazdığı kitablarla və qoruduğu sənət yaddaşı ilə bu gün də yaşayır. Onların yolu göstərir ki, sənəti anlayan, sevən, qoruyan və gələcək nəsillərə çatdıran insanlar da bu yolun ayrılmaz hissəsidir. Bu gün həmin yolun davam etdirə bilmək mənim üçün təkcə qürur deyil, həm də məsuliyyətdir. Çünki bəzi ömürlər bitmir. Onlar bir insanın taleyindən çıxıb başqa bir ömrün yoluna çevrilirlər. Ruhunuz şad olsun!

 

Aysel Ziyadxanlı