Azərbaycan ədəbiyyatına itki üz verib. Tanınmış şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin rəhbəri İsmayıl İmanzadə (Mərcanlı) 20 iyun 2026-cı ildə, ömrünün 81-ci ilində vəfat edib.

İsmayıl Səlim oğlu İmanzadə 10 dekabr 1945-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1965-ci ildə indiki Gəncə Dövlət Universitetini bitirib. Uzun illər orta məktəblərdə müəllim, bir müddət isə dövlət qulluğu sahəsində çalışıb.

1993-cü ildə Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra Mingəçevir şəhərində məskunlaşıb. Mingəçevir Şəhər İcra Hakimiyyətinin orqanı olan "Səda" qəzetində şöbə redaktoru, sonradan “Mingəçevir” qəzetində müxbiri vəzifələrində çalışıb. 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin rəhbəri, “İnam” qəzetinin, "Bənövşə" və "Mingəçevir leysanı" ədəbi-bədii dərgilərinin təsisçisi və baş redaktoru olub.  

İlk şeiri 1964-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc edilib. “Səni soraqlaram” adlı ilk kitabı 1980-cı ildə “Gənclik” nəşriyyatında işıq üzü görüb. Sonralar onlarla kitabı nəşr olunub. Şeirlərinin əsas mövzusu vətənpərvərlik duyğusu, yurd sevgisidir. Uşaqlar üçün yazdığı şeirlərinin bir qismi orta məktəb dərsliklərində və məktəbəqədər tərbiyə müəssisələri üçün vəsaitlərdə yer alıb. Altmışa yaxın şeirinə bəstəkarlar tərəfindən musiqi bəstələnib.

İsmayıl İmanzadə təkcə istedadlı ədib deyil, həm də fədakar ziyalı, qayğıkeş rəhbər idi. Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri kimi gənc istedadların üzə çıxarılmasına, ədəbiyyatımızın inkişafına və ictimaiyyət arasında layiqincə təmsil olunmasına əmək sərf etmiş, həmişə qələm əhlinin yanında olub.

Ədəbi-publisistik yaradıcılığı ilə otuz ildən artıq yaşadığı Mingəçevir şəhərinin ictimaiyyətində, eləcə respublika ədəbi mühitində rəğbət qazanıb.

Tanınmış söz ustadı, ziyalı İsmayıl İmanzadənin əziz xatirəsi onu tanıyanlar xatirəsində, ədəbiyyat tarixində yaşayacaq.

***

İsmayıl İmanzadə Mingəçevir şəhərində dəfn edilib. Vida mərasimdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir və Cəbrayıl ziyalıları, yazarlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Allah rəhmət eləsin!