Beynəlxalq Muğam Mərkəzində (BMM) mütəmadi olaraq milli musiqimizin və ifaçlıq sənətinin görkəmli simalarının xatirəsi yad edilir. İyunun 19-da təşkil edilən növbəti xatirə gecəsi unudulmaz tarzən Firudin Yarməmmədovun 95 illiyinə həsr olunub.
Tədbir sənətkarın arxiv video-görüntülərinin nümayişi ilə başlanıb.
BMM-nin direktoru Əməkdar artist, Özbəkistanın Mədəniyyət səfiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sahib Paşazadə xatirə gecəsinə toplaşanları salamayaraq Firudin Yarməmmədovun həyat və yaradıcılığından söz açıb, onun sənət irsinin gələcək nəsillər üçün mühüm məktəb olduğunu vurğulayıb.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı, ustad tarzən, Xalq artisti Vamiq Məmmədəliyev və digər çıxış edənlər cəmi 43 il ömür sürmüş sənətkarın zəngin yaradıcılığı, ifaçılıq üslubu və Azərbaycan musiqi sənətinə verdiyi töhfələr barədə danışıb, xatirələrini bölüşüblər.
Tarzən Elşən Tahirovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblının müşayiət etdiyi konsert proqramında tanınmış xanəndə və ifaçılar çıxış ediblər.
Xalq artistləri Şəfiqə Eyvazova və Heydər Anatollu, Əməkdar artist İlkin Əhmədov, BMM-nin solistləri Mirələm Mirələmov, Könül Xəlilzadə və Rəvan Qaçayev, xanəndə Valid Abdullayev həmçinin tarzənlər Cəbrayıl Göyüşov, Mirhüseyn Əsədullayev, Hüseyn Quliyev, Cəlal Şahbəddinov Azərbaycan musiqi xəzinəsinin dəyərli nümunələri sırasında yer alan əsərləri təqdim ediblər.
Sonda Firudin Yarməmmədovun ailəsi adından sənətkarın bacısı Adilə İmanova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib, sənətkarın xatirəsinin yaşadılmasına göstərilən diqqəti yüksək qiymətləndirib.




























