Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə azərbaycanlı heykəltaraş, Rusiya Rəssamlıq Akademiyasının üzvü Aydın Zeynalova “Rusiya Federasiyasının Əməkdar rəssamı” fəxri adı verilib.

Heykəltaraş bu fəxri ada təsviri incəsənət sahəsindəki nailiyyətlərinə və uzunmüddətli yaradıcılığına görə layiq görülüb.

Aydın Zeynalov Moskvada anadan olub, orada yaşayır və işləyir. Moskva Rəssamlar İttifaqının üzvü, Rusiya Rəssamlıq Akademiyasının akademiki və incəsənət tarixi üzrə fəlsəfə doktorudur. 2000-ci ildən bəri müntəzəm olaraq Rusiyada və beynəlxalq sərgilərdə iştirak edib. Onun fərdi sərgiləri Rusiyada, Azərbaycanda və digər ölkələrdə keçirilib.

Heykəltaraşın əsərləri dünyanın hər yerində muzeylərdə və şəxsi kolleksiyalarda təmsil olunur. Onun məşhur əsərləri arasında Rusiyanın Koqalım şəhərində Ümummilli Lider Heydər Əliyevin, İtaliyada dünya mədəniyyətinin görkəmli simaları Cakomo Puççini və Cüzeppe Verdinin, eləcə də Fyodor Dostoyevskinin (Florensiya şəhərində) və Dante Aliqyerinin abidələri var. Aydın Zeynalov Azərbaycanın Xalq yazıçısı Rüstəm İbrahimbəyovun Bakıdakı Fəxri xiyabanda ucaldılmış məzarüstü abidəsinin də müəllifidir.