Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.
Kitabxanadan bildirilib ki, məlumat bazası Azərbaycan klassik irsinin təbliği, gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və Xaqani Şirvani yaradıcılığına marağın artırılması məqsədilə hazırlanılıb. Resurs tədqiqatçılar, tələbələr, müəllimlər və geniş oxucu auditoriyası üçün etibarlı informasiya mənbəyidir.
Elektron bazada Xaqani Şirvaninin həyat və yaradıcılığına dair ümumi məlumat, Azərbaycan xalqının ədəbiyyat və mədəniyyət tarixində tutduğu mühüm yer və ədəbi-fəlsəfi irsinin əhəmiyyəti haqqında bölmələr təqdim edilir.
Müvafiq bölmələrdə Xaqani Şirvaninin ömür yolu, yaradıcılıq xüsusiyyətləri, dövrünün ictimai-mədəni mühiti, ədəbi baxışları və şəxsiyyəti haqqında geniş məlumat təqdim edilir. Bazada filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlillinin “Xaqani Şirvani– saraylara baş əyməyən, elmlə şərəflənib şöhrətə çatan şair”, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalovun “Xaqani Şirvani - Allahı və doğruluğu sevən türk şairi”, professor Fazil Qaraoğlunun “Tarixdə iz buraxanlar: Xaqani Şirvani”, Əməkdar jurnalist İradə Əliyevanın “Poeziyanın intibah günəşi” və Aynur Turanın “Söz mülkünün xaqanı - Xaqani Şirvani” kimi məqalələrin tam mətni də yer alır.
Elektron resursda Xaqani Şirvaninin türk, rus, fars dillərində nəşr olunan kitabları, əlyazmaları, haqqında qələmə alınan nəşrlər və dövrü mətbuat nümunələri, notlar və s. təqdim edilir.
Elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.



















