Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri iyunun 20-da Ağdam Muğam Mərkəzində konsert verib. Konsert Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkə miqyasında həyata keçirilən qastrol proqramı çərçivəsində reallaşıb.
Xalq artisti, dirijor Yalçın Adıgözəlovun idarə etdiyi konsertdə orkestr və solistlərin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.
Proqramda Üzeyir Hacıbəylinin “Arazbarı”, Aqşin Əlizadənin “Cəngi”, Arif Məlikovun “Komdenin arzuları”, Vasif Adıgözəlovun “Prelüd №1”, “Qərənfil” və “Lay-lay”, Həsən Rzayevin “Çahargah” rapsodiyası, Qara Qarayevin “Yeddi gözəl” baletindən “Aişənin rəqsi” və “İldırımlı yollarda” baletindən “Ehtiraslı qızın rəqsi”, Asəf Zeynallının “Muğamsayağı”, Süleyman Ələsgərovun “Rapsodiya”, Fikrət Əmirovun “Məhəbbət rəqsi”, “Min bir gecə” baletindən fraqment, “Kor ərəbin mahnısı”, Hacı Xanməmmədovun “Kamança və orkestr üçün konsert”indən II hissə, Frits Kreyslerin “Çin tamburini”, Astor Piatsollanın “Oblivion” əsərləri yer alıb.
Konsert Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyası ilə yekunlaşıb.
***
Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestrinin eyni repertuar proqramı ilə daha bir qastrol konserti iyunun 21-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində keçirilib.
Hər iki konsert tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb və sürəkli alqışlarla müşayiət olunub.
Xatırladaq ki, aparıcı bədii kollektivlərin bu ilin mart ayında başlanan qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir.



























