İtaliyanın paytaxtı Romada, Borghese bağlarında yerləşən “Casa del Cinema” açıq kinoteatrında Azərbaycan kinematoqrafiyasının yeni ekran əsəri – “Tağıyev: Neft” tammetrajlı bədii filminin premyera nümayişi keçirilib.

Nümayişdən əvvəl XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanın iqtisadi, ictimai və mədəni həyatında mühüm rol oynamış görkəmli xeyriyyəçi və maarifçi Hacı Zeynalabdin Tağıyev haqqında məlumat verilib, filmin bu böyük şəxsiyyətin həyat və fəaliyyətinin beynəlxalq auditoriyaya təqdim olunması baxımından əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, ekran əsəri Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub və çoxseriyalı “Tağıyev” layihəsinin ilk hissəsidir. Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlıdır. Filmdə Hacı Zeynalabdin Tağıyev obrazını Xalq artisti Pərviz Məmmədrzayev canlandırıb.

Romadakı premyera Azərbaycan ilə İtaliya arasında mədəni əlaqələrin inkişafına, milli kino irsinin və görkəmli tarixi şəxsiyyətlərimizin beynəlxalq auditoriyaya tanıdılmasına xidmət etməklə yanaşı, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında müəyyən edilmiş mədəni diplomatiyanın gücləndirilməsi, milli mədəniyyətin qlobal miqyasda təşviqi və Azərbaycan haqqında müasir mədəni imicin formalaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətin tərkib hissəsidir.