Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən mərkəzləşdirilmiş kitabxana sistemlərində kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması və informasiya-resurs şöbələrində çalışanların peşə bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçiriləcək attestasiya ilə bağlı ilk məlumatlandırıcı görüş təşkil olunub.
İyunun 19-da Bakıda keçirilən görüşdə Attestasiya komissiyasının üzvləri Bakı və Abşeron-Xızı regionlarında fəaliyyət göstərən mərkəzləşdirilmiş kitabxana sistemlərinin əməkdaşları ilə bir araya gəliblər.
Görüş zamanı attestasiyanın məqsədi, keçirilmə qaydaları və qiymətləndirmə meyarları barədə ətraflı məlumat təqdim edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Bildirilib ki, attestasiya prosesi kitabxana sahəsində insan resurslarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, müasir idarəetmə və rəqəmsal bacarıqların inkişaf etdirilməsi, eləcə də vətəndaşlara göstərilən kitabxana xidmətlərinin keyfiyyətinin daha da artırılmasına xidmət edir.
Qeyd olunub ki, həyata keçirilən tədbirlər “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında müəyyən edilmiş prioritetlərə uyğun olaraq kitabxana sisteminin müasirləşdirilməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi və kitabxanaların müasir bilik və ictimai ünsiyyət mərkəzləri kimi inkişafının təmin edilməsinə yönəlib.
Görüş zamanı iştirakçıların təklif və təşəbbüsləri də dinlənilib. Vurğulanıb ki, kitabxana işçiləri ilə birbaşa dialoqun gücləndirilməsi, attestasiyaya hazırlıq prosesinin daha səmərəli təşkili və sahədə yaranan məsələlərin operativ həlli məqsədilə bu formatda məlumatlandırıcı görüşlər gələcəkdə davam etdiriləcək.





















