İyunun 17-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycanın dünyaca məşhur xalçaçı rəssamı, görkəmli sənətşünas alim Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
İnstitutdan verilən məlumata görə, “İlmələrdə yaşayan ömür: Lətif Kərimov və milli irsimiz” adlı tədbir Əlyazmaların gigiyena və bərpası laboratoriyası tərəfindən təşkil edilib.
İnstitutun elmi katibi tarix ü.f.d., dosent Aynur Hacıqədirli giriş nitqində Lətif Kərimovun zəngin yaradıcılıq irsindən söz açıb. Sənətkarın Azərbaycan mədəniyyətinin və xalçaçılıq sənətinin inkişafındakı əvəzsiz xidmətlərini vurğulayan natiq onun 120 illik yubileyinin qeyd olunmasının milli irsimizin təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Sonra söz məruzəçilərə verilib.
Azərbaycan Milli Xalça Muzeyinin xalçaçı-rəssamı Afaq Abdullayeva və institutun Əlyazmaların gigiyena və bərpası laboratoriyasının müdiri Zaur Orucov məruzələrində Lətif Kərimovun həm memarlıq, həm də xalçaçılıq sənətində nümayiş etdirdiyi bənzərsiz istedadından, onun milli mədəniyyətimizə bəxş etdiyi töhfələrdən bəhs ediblər.
Çıxışçılar ustad sənətkarın Azərbaycan xalçaçılıq məktəbinin elmi əsaslarını qoyan dahi şəxsiyyət olduğunu diqqətə çatdıraraq onun yaratdığı ornament və çeşnilərin bu gün də dünya miqyasında yüksək qiymətləndirildiyini vurğulayıblar. Qeyd olunub ki, Lətif Kərimovun 120 illik yubileyi münasibətilə keçirilmiş bu tədbir onun həm memarlıq, həm də xalçaçılıq sahəsində qoyduğu silinməz izlərə verilən yüksək dəyərin bariz nümunəsidir.
Tədbirdə Lətif Kərimovun sənət yolunu əks etdirən videoslayd nümayiş olunub.
İştirakçılar institut kitabxanasının hazırladığı “Lətif Kərimov və milli irsimiz” adlı sərgi ilə tanış olublar.






















