İyunun 17-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) “Üzeyir Hacıbəylinin tələbələri – ilk qadın bəstəkarlar: Ağabacı Rzayeva, Ədilə Hüseynzadə, Şəfiqə Axundova” mövzusunda konfrans keçirilib. ABİ-dən bildirilib ki, konfrans dahi bəstəkarın 140 illik yubileyinə həsr olunmuş tədbir silsiləsinin davamı olaraq təşkil edilib.

Bəstəkarlar İttifaqının sədri Xalq artisti, AMEA-nın müxbir üzvü, professor, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə giriş sözündə Üzeyir Hacıbəylinin yaratdığı fundamental bəstəkarlıq məktəbinin tarixi əhəmiyyətindən bəhs edib. Vurğulayıb ki, Şərqdə ilk dəfə məhz Üzeyir Hacıbəylinin sinfində qadın bəstəkarların yetişməsi bütövlükdə Azərbaycan mədəniyyətinin ən böyük nailiyyətlərindən biridir. ABİ sədri diqqətə çatdırıb ki, Ağabacı Rzayeva, Ədilə Hüseynzadə və Şəfiqə Axundova kimi sənətkarların milli musiqimizdə açdıqları cığır, onların qoyduqları zəngin irs bu gün də gənc nəsil üçün böyük yaradıcılıq məktəbidir.

Tədbirdə mövzu ətrafında elmi məruzələr dinlənilib.

Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva “Azərbaycan musiqi tarixində bəstəkar Ağabacı Rzayevanın rolu” mövzusunda çıxış edərək, bəstəkarın yaradıcılıq üslubunun özünəməxsus keyfiyyətlərini təhlil edib.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşova “Bəstəkar Ədilə Hüseynzadənin xatirələrinin işığında” adlı məruzəsində sənətkarın zəngin yaradıcılıq yolundan və pedaqoji fəaliyyətindən danışıb.

Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Azərbaycan bəstəkarlıq məktəbində Şəfiqə Axundova imzası” adlı məruzəsini təqdim edib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva “Azərbaycan qadın bəstəkarlarının milli musiqi mədəniyyətinin inkişafında rolu” mövzusunda məruzəsində ilk qadın bəstəkarlarımızın musiqi sənətimizə bəxş etdiyi yenilikləri elmi aspektlərdən diqqətə çatdırıb.

Bədii hissədə Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin sözlərinə bəstələdiyi “Sənsiz” və Ədilə Hüseynzadənin A.S.Puşkinin eyniadlı şeiri əsasında (Azərbaycan dilinə tərcümə: Məmməd Rahim) bəstələdiyi “Bülbül” romansları ifa olunub. 

Musiqi əsərlərini Əməkdar artist Nərgiz Kərimova (soprano) səsləndirib, onu fortepianoda beynəlxalq müsabiqələr laureatı Nərgiz Əliyeva müşayiət edib.