İyunun 16-da Beynəlxalq Muğam Mərkəzində Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı təzhib və miniatür sərgisi açılıb.
Sərgi Türkiyənin ölkəmizdəki səfirinin xanımı Zühre Akgünün də iştirak etdiyi "Təzhib-miniatür" kursunun yekununda ərsəyə gələn əsərləri bir araya gətirib.
Mərasimdə çıxış edən Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün bildirib ki, incəsənət xalqlar arasında mədəni körpülərin qurulmasında mühüm rol oynayır. Belə sərgilər həm ortaq mədəni dəyərlərin tanıdılmasına, həm də sənət vasitəsilə xalqlar arasında qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edir.
“Bizim estetik yanaşmamızda incəlik və zəriflik daha çox miniatürlərdə, əlyazma kitabların bədii tərtibatında öz əksini tapır. Klassik əsərlərin orijinal nüsxələrinə nəzər saldıqda görürük ki, şeirin sadəliyi və gözəlliyi ilə yanaşı, onun ətrafındakı bəzəklər, ornamentlər də xüsusi ustalıqla işlənmişdir. Bu gün sənətkarlarımızın yaratdığı əsərlər də məhz o tarixi incəliyin süzgəcindən keçərək müasir dövrdə yenidən canlandırılmasıdır. Bu baxımdan bütün müəlliflərə və zəhməti keçən hər kəsə təşəkkürümü bildirirəm”, - deyə səfir qeyd edib.
Yunus Əmrə İnstitutunun Azərbaycan üzrə koordinatoru Gökhan Seyhan bildirib ki, sərginin Beynəlxalq Muğam Mərkəzində təşkil olunması Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və mədəni bağların daha da möhkəmlənməsinə, mədəniyyətlərimizin bir-birinə daha da yaxınlaşmasına mühüm töhfədir. Bildirib ki, bu cür tədbirlər gələcəkdə də davamlı olacaq və ortaq mədəni dəyərlərimizin inkişafına xidmət edəcək.
Sərginin kuratoru və kursların rəhbəri Zühal Alodal bildirib ki, miniatür sənəti əsasən əlyazma kitabların bəzədilməsi, mətnin vizuallaşdırılması və təsvir olunan hekayənin daha dolğun çatdırılması məqsədilə özünəməxsus texnikalarla icra edilən ənənəvi sənət növüdür. Bu sənətin kökləri qədim dövrlərə qədər uzanır və zərifliklə estetik düşüncənin vəhdəti kimi kağız üzərində əksini tapır. Diqqətə çatdırıb ki, "Təzhib-miniatür" kursunda xanımlar birlikdə böyük səbir və əzmlə çalışaraq ümumilikdə 37 əsərdən ibarət bu sərgini ərsəyə gətiriblər.
Türkiyənin ölkəmizdəki səfirinin xanımı Zühre Akgün bildirib ki, bu sərgi ənənəvi sənət üslublarını qoruyaraq onları müasir baxış və yeni vizyonla yenidən təqdim edən sənətkarların böyük zəhmətinin nəticəsidir. Onun sözlərinə görə, sənətkarlar keçmişin estetik dəyərlərini bu günə daşıyaraq həm cəmiyyətin mənəvi zənginliyinə, həm də mədəni inkişafına töhfə verirlər. Bu kimi layihələr Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlığın yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmadığını, eyni zamanda mədəni və bədii sahədə də dərin və güclü bağlara malik olduğunu göstərir.
Milli Məclisin deputatları – Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva, Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Hicran Hüseynova, Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, Xalq rəssamı Arif Hüseynov sərginin və onun ərsəyə gəlməsinə zəmin olmuş yaradıcılıq kursunun əhəmiyyətindən bəhs ediblər. Vurğulanıb ki, sənət insanları birləşdirən və duyğuları ifadə edən güclü vasitədir. Sənətin davamlılığı məhz bu cür təşəbbüslər və yaradıcı mühit sayəsində təmin olunur.
Sonra qonaqlar “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı təzhib və miniatür sərgisi ilə tanış olublar.


























