15-16 iyun tarixlərində Lüksemburqda Avropa Milli Kitabxanaları Konfransının (The Conference of European National Librarians – CENL) illik iclası keçirilir. Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov iclasda iştirak edir.
Bu barədə Milli Kitabxanadan məlumat verilib.
Qeyd edək ki, CENL Avropanın 45 ölkəsinin milli kitabxanalarını birləşdirən beynəlxalq təşkilatdır. Hər il müxtəlif ölkələrdə təşkil olunan toplantıya bu il Lüksemburq ev sahibliyi edir.
İclasın açılışında CENL-in sədri Frank Şoltse (Scholze) və ev sahibi Lüksemburq Milli Kitabxanasının baş direktoru Klod Konter (Claude Conter) konfransın işinə uğurlar arzulayıblar.
Sonra CENL-in 2025-ci ildə Şotlandiya Milli Kitabxanasında keçirilmiş 39-cu illik iclasının protokolu və illik hesabatı müzakirə edilib. Təşkilatın maliyyə hesabatı və növbəti il üçün büdcəsi də müzakirə olunaraq səsverməyə qoyulub və qəbul edilib. Təşkilatın fəaliyyət istiqamətlərinin gücləndirilməsi və qarşıdakı dövr üçün prioritetlərin müəyyənləşdirilməsi vurğulanıb.
Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov çıxışında beynəlxalq əməkdaşlığın, mədəni əlaqələrin möhkəmləndirilməsinin və milli kitabxanalar arasında təcrübə mübadiləsinin müasir kitabxanaçılıq işinin inkişafında mühüm rol oynadığını vurğulayıb. O, müxtəlif ölkələrin kitabxana mütəxəssislərinin bir araya gələrək bilik və təcrübələrini bölüşməsinin, yeni əməkdaşlıq imkanlarının yaradılmasının, eləcə də informasiya resurslarının qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini qeyd edib. Direktor konfransın iştirakçılar üçün faydalı müzakirələr, məhsuldar fikir mübadiləsi və yeni tərəfdaşlıqlarla yadda qalacağına əminliyini ifadə edərək tədbirin işinə uğurlar arzulayıb.
Konfrans çərçivəsində keçirilən sessiyalarda kitabxanalarda süni intellektin tətbiqi, rəqəmsal mədəni irsin idarə olunması, elektron qanuni depozit sistemi, müəllif hüquqları, rəqəmsal təhlükəsizlik və informasiya mühitinin gələcəyi mövzularında təqdimatlar keçirilib, milli kitabxanaların mədəni yaddaşın qoruyucusu kimi rolundan və rəqəmsal irsin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən danışılıb. Həmçinin qlobal dayanıqlı informasiya şəbəkələri, rəqəmsal kolleksiyaların mühafizəsi və beynəlxalq əməkdaşlıq modelləri geniş müzakirə olunub.
Sessiyalar çərçivəsində Avropa Şurasının Demokratiya üzrə direktoru Matjaz Grudenin “Mədəni yaddaşın qoruyucuları: Avropa Milli Kitabxanalarının Avropanın mədəni irsinin qorunmasında əhəmiyyəti” mövzusunda məruzəsi dinlənilib. O, milli kitabxanaların cəmiyyətin mədəni yaddaşının qorunmasında, demokratik dəyərlərin möhkəmləndirilməsində və mədəni irsin gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığını vurğulayıb.
Toplantı çərçivəsində iştirakçılar işçi qruplarında müzakirələr aparıb, nəticələr üzrə fikir mübadiləsi həyata keçirilib.
Konfrans iştirakçıları üçün Lüksemburq Milli Kitabxanasına ekskursiya da təşkil olunub.
CENL-in növbəti illik toplantısı gələn il İsveç Milli Kitabxanasında keçiriləcək.






















