Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasında konsert proqramı ilə çıxış ediblər.
Konsertdə Miray Fərzulla, Suel Kərimli, Nuray Həsənli, Ümid Əsgərli İgan, Anisa Karmel Əsgərli, eləcə də Tbilisi Dövlət Konservatoriyasının yetirmələri Giorgi Meqrelişvili, Baçi Mikeladze, Andria Kapanadze və başqaları fortepianoda Azərbaycan, gürcü və dünya bəstəkarlarının əsərlərini məharətlə ifa ediblər. Tamaşaçılar Nuray Həsənlinin Tbilisi haqqında mahnısını zalda canlı ifa edərək, gənc pianoçuya dəstək olublar.
Konsertin təşkilatçılarından biri “Harmoniya” Gürcü Folkloru və Klassik Musiqisinin İnkişafı Birliyinin icraçı direktoru Tsitsi Biçikaşvili belə tədbirlərin həm mədəni əlaqələrin genişlənməsində, həm də gənc musiqiçilərin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ayla Kərimova-Zəkəriyyə bildirib ki, gənc musiqiçilərimizin çıxışı milli musiqimizin təbliğinə, xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və mədəniyyətlərarası dialoqun genişlənməsinə xidmət edir. Musiqi vasitəsilə qurulan bu mədəni körpü ölkələrimiz arasında əməkdaşlığın və qarşılıqlı anlaşmanın daha da inkişaf etməsinə şərait yaradır.
O deyib: “Konsertin 15 İyun – Milli Qurtuluş Gününə təsadüf etməsi isə tədbirə xüsusi rəmzi məna qazandıraraq, mədəniyyətin xalqları birləşdirən gücünü bir daha nümayiş etdirir. 15 İyun tarixində Gürcüstanın Tbilisi Dövlət Konservatoriyası keçirilən konsert Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən həyata keçirilən “Gənclərin dəstəyi” layihəsi çərçivəsində Tbilisi Konservatoriyası ilə birgə təşkil olunmuşdur. Tədbir Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verir”.

























