Tatar xalqının milli bayramı olan “Sabantuy” iyunun 14-də İçərişəhərdə təntənəli şəkildə qeyd edilib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi və Azərbaycandakı tatar icmasının iştirakı ilə təşkil edilən “Xəzər Sabantuyu” proqramı Bakı sakinləri və paytaxtın qonaqlarının böyük marağına səbəb olub.
Açılış mərasimində Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun “Sabantuy” festivalının iştirakçılarına və qonaqlarına ünvanladığı salamlama müraciətini oxuyub. Müraciətdə festivalın tatar xalqının ruhunu əks etdirdiyi, əməksevərliyin, nəsillərin davamlılığının və ənənəvi dəyərlərə hörmətin simvolu olduğu qeyd edilib. “Sabantuy”un müxtəlif millətlərdən və dinlərdən olan insanları birləşdirdiyi, dostluğun, qarşılıqlı anlaşmanın və mədəni dialoqun möhkəmlənməsinə töhfə verdiyi vurğulanıb.
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, mədəniyyət nazirinin müavini Murad Hüseynov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və digər çıxış edənlər ölkəmizdəki tatar icmasına və onların simasında Tatarıstan xalqına təbrik sözlərini çatdırıblar. “Sabantuy”un rifah, firavanlıq və xalqların birliyini simvolizə edən qədim türk bayramı olduğu vurğulanıb.
Azərbaycandakı Tatar Gənclər Mərkəzinin sədri Diaz Ahmetjanov “Sabantuy” bayramının təşkilinə verilən dəstəyə görə "İçərişəhər" qoruğu idarəsinə təşəkkürünü bildirib “Azərbaycan çoxmədəniyyətli və tolerant dövlətdir. Bizim üçün ən vacibi bu bayramın milliyyətindən asılı olmayaraq hər kəs üçün yaxın olmasıdır”, - deyə o vurğulayıb.
Proqram Azərbaycan milli rəqslərinin ifası ilə başlanıb. Tatar xalqının adət-ənənələrini, kənd həyatını və əmək qaydalarını əks etdirən səhnəciklər nümayiş etdirilib. “Axşam oyunları”, “Yaz əkinləri”, “Hədiyyələrin toplanması” və “Sabantuyun qonaqları” tamaşaları qonaqları tatar xalqının zəngin mədəni irsi ilə tanış edib.
Bədii proqramında Azərbaycan və Tatarıstanın yaradıcı kollektivləri, eləcə də digər türk xalqlarının nümayəndələri çıxış ediblər. Bakıda “Sabantuy” bayramı ölkəmizi özünə vətən seçmiş tatarların Azərbaycana sevgi və məhəbbətinin tərənümünə çevrilib.


























