Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq, şair, publisist, tərcüməçi, dövlət xadimi Hidayət Orucov 13 iyun 2026-cı ildə, ömrünün 82-ci ilində vəfat edib.
Hidayət Xuduş oğlu Orucov 5 sentyabr 1944-cü ildə Qərbi Azərbaycanın Mehri rayonunun Maralzəmi kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsindən məzun olduqdan sonra ədəbi yaradıcılığa başlayıb. 1968-ci ildən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru vəzifəsində çalışıb. Eyni zamanda Ermənistan Yazıçılar İttifaqının Azərbaycan ədəbiyyatı şurasına rəhbəri olan ədib İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX-XX əsrlər ədəbiyyatımızı tədris edib.
1984-1992-ci illərdə Bakıda "Gənclik" nəşriyyatında baş redaktor müavini və baş redaktor vəzifələrində işləyib. 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri, 1993-2005-ci illərdə milli siyasət məsələləri üzrə (2005-ci ildən milli azlıqlarla və dini qurumlarla iş üzrə) dövlət müşaviri vəzifəsində işləyib. 2006-2012-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbərlik edib. Diplomat kimi də fəaliyyət göstərən Hidayət Orucov 2012-2021-ci illərdə Azərbaycan Respublikasının Qırğızıstanda səfiri işləyib.
Poeziya, nəsr, dramaturgiya, publisistika, tərcümə və s. ibarət 60-dan çox kitabın müəllifidir. "Heydər Əliyev və Azərbaycanda milli siyasət" monoqrafiyası ingilis, rus, gürcü, türk, ərəb və qırğız dillərində də nəşr olunub. Bir sıra xalqların ədəbiyyatından dilimizə tərcümələr edib. Pyesləri müxtəlif teatrlarda tamaşaya qoyulub.
Yaradıcılığı və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilən Hidayət Orucov "Əməkdar incəsənət xadimi" fəxri adına, “Şöhrət”, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenlərinə və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görülüb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi Hidayət Orucovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.



















