Salyan Dövlət Kukla Teatrı uşaqların yay tətilinə rəng qatacaq maraqlı proqramlar hazırlayıb.

Yaradıcı kollektiv “Yay düşərgəsində teatr” layihəsi ilə onların görüşünə gələcək.

Yay düşərgəsi uşaqlar üçün həm əyləncə, həm yaradıcılıq, həm də unudulmaz xatirələr deməkdir.

İyun, iyul, avqust aylarını əhatə edəcək “Yay düşərgəsində teatr” canlı aktyor tamaşaları, rəngarəng kukla tamaşaları, yaradıcılıq və improvizasiya oyunları, musiqi və əyləncə ilə bol olacaq.

Uşaqlar səhnə sənəti ilə tanış olacaq, öz bacarıqlarını kəşf edəcək və yay günlərini sevinc dolu əhvalda keçirəcəklər.

Nəzərdə tutulan proqram, keçiriləcək tədbirlərin yeri və vaxtı haqqında ətraflı məlumatı  Salyan Dövlət Kukla Teatrının sosial media hesablarını izləməklə əldə etmək olar.

Bu arada teatrda iyun ayı repertuarı üzrə tamaşa nümayişləri də hər bazar günü davam edir. Ayın sonunadək balacaları üç səhnə əsəri – “Tənbəl Dovşan” (14 iyun), “Yaramaz Siçan” (21 iyun), “Çırtdan” (28 iyun) tamaşaları gözləyir.