Tanınmış turizm mütəxəssisi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev iyunun 8-də, 53 yaşında vəfat edib. Mediada yer alan məlumatlara görə, o, İsmayıllı rayonunun Basqal qəsəbəsində olarkən səhhəti qəfil pisləşib. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Ruslan Quliyevin ölümü Azərbaycan turizmi üçün itkidir. O, fəaliyyəti ilə ölkəmizin turizm sektoruna, xüsusilə son illər sağlamlıq turizminin inkişafına mühüm töhfələr verib.
Ruslan Gəray oğlu Quliyev 1973-cü ildə Bakı şəhərində anadan olub. Əslən Zəngilan rayonundadır. Sumqayıt şəhərindəki 25 saylı orta məktəbdə oxuyub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
2000-ci illərin əvvəllərində turizm sektorunda fəaliyyətə başlayıb, müxtəlif şirkətlərdə çalışıb. Sektorda fəallığı ilə seçilən “Millennium Tourism & Congress” şirkətini yaradıb.
2009-cu ildə “Skal İnternational” turizm peşəkarları təşkilatının Azərbaycan bölməsinin – “Skal Bakı” klubunun yaradıcılarından biri və onun ilk prezidenti olub.
2013-cü ildə Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasını təsis edib. Assosiasiya bir il sonra Dünya Sağlamlıq Turizm Şurasına üzv olub. Ruslan Quliyev 2018-ci ildə bu beynəlxalq qurumun prezidenti seçilib. 2019-cu ildə Bakıda 3-cü Qlobal Sağlamlıq Turizm Forumu keçirilib. Azərbaycan 2018-2020-ci illərdə Dünya Sağlamlıq Turizm Şurasına sədrlik edib.
Ruslan Quliyev turizm peşəkarı kimi bu sahədə elmi-pedaqoji fəaliyyət də göstərib. 2006-cı ildən Azərbaycan Turizm İnstitutunda (hazırda Azərbaycan Turizm və Menecment Universiteti) dərs deyib. 2021-ci ildə “Azərbaycanda sağlamlıq-müalicə turizm müəssisələrinin idarə edilməsinin təkmilləşdirilməsi” mövzusunda iqtisad üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edib. Dissertasiya işi ATMU-nun “Menecment” kafedrasında yerinə yetirilib.
2022-ci ildə Ruslan Quliyev, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, “Tərəqqi” medalı ilə təltif edilib.
O, həmçinin media ilə sıx təmasda olan turizm mütəxəssisi idi. Mütəmadi olaraq dövri mətbuatda, televiziyalarda aktual mövzulara dair çıxışlar edərdi. “Mədəniyyət”in səhifələrində də onunla müsahibələr, müxtəlif tədbirlərdə çıxışları ilə bağlı çoxsaylı yazılar qalıb.
Həyatdan qəfil gedişi ilə turizm ictimaiyyətinə, onu tanıyan bir çox insanlara hüzn yaşadan Ruslan Quliyev iyunun 9-da Bakıdakı “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin.






















