Əsəd Bəy, Qurban Səid və ya Lev Nussimbaum? Məşhur “Əli və Nino” romanının müəllifi həyatda bu adlardan hansını daşıyıb? Ötən əsrin əvvəllərindəki Bakının, Azərbaycanın və ümumilikdə Qafqazın tarixindən, insan talelərindən bəhs edən bu və digər əsərlər kimin qələmindən çıxıb?
Onilliklərdir müzakirə və mübahisəsi gedən bu suallara ötən həftə Almaniyanın Azərbaycandakı Səfirliyinin təşkil etdiyi konfransda da cavab axtarılıb.
İyunun 4-də Bakıdakı Daş Salnamə Muzeyində keçirilən “Körpülərin qurulması – Əsəd Bəyin dünyası” başlıqlı tədbirdə Azərbaycan və Almaniya mütəxəssisləri bu çoxşaxəli şəxsiyyətin həyatı, yaradıcılığı və ədəbi irsinin müasir dövrdə aktuallığını müxtəlif aspektlərdən müzakirə ediblər.
Konfransın açılışında Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann və ölkəmizdə səfərdə olan Almaniya Federal Hökumətinin Almaniyada yəhudi həyatı və antisemitizmə qarşı mübarizə üzrə müvəkkili Feliks Klayn (Felix Klein, Beauftragter der Bundesregierung für jüdisches Leben in Deutschland und den Kampf gegen Antisemitismus) çıxış ediblər.
Sonra “Bakı-Berlin: Əsəd Bəyin həyat və yaradıcılığı” və “Yəhudi-müsəlman birliyi 1920-ci illərdə və indi” mövzularında panellər keçirilib.
Panellərin çıxışçıları Almaniyadan alimlər Sonya Heqasi (Sonja Hegasy), Hans-Yürgen (Jürgen) Maurer, Azərbaycandan tarixçi Faud Axundov və Səbinə Uluxanova olublar.
Çıxış və müzakirələrin sonunda iştirakçılar bir məsələdə həmfikir olublar: Əsəd Bəy, Qurban Səid və ya Lev Nussimbaum adı ilə tanınan bu şəxsiyyət mədəniyyətlər arasındakı münasibətlərdə körpü qurucusu kimi xüsusi yer tutur və onun həyatı, yaradıcılığı bu gün də aktuallığını qoruyur.
Tədbir “Disorientalistlər” qrupunun zamanlar arasında musiqili bir səyahətə çevrilən konsert proqramı ilə yekunlaşıb və bu, ilk dəfə Azərbaycanda baş tutub.
“Tarix, ədəbiyyat və müasir diplomatiya arasında körpü rolunu oynayan bu tədbir maraqlı fikir mübadiləsi üçün əhəmiyyətli platforma oldu”, – deyə Almaniya səfirliyinin məlumatında qeyd olunur.
Səfirlik tədbirin həyata keçirilməsinə töhfə verən mütəxəssislərə, “Disorientalistlər” qrupuna, Leybnits Müasir Şərqşünaslıq Mərkəzinə, sponsorlara və Daş Salnamə Muzeyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, iyunun 5-də Bakıdakı “Kapellhaus”da (Azərbaycan-Alman mədəniyyət mərkəzi) Almaniya səfirliyi tərəfindən “Əsəd Bəyin ixtirası” adlı sərgi də açılıb. Rəssam Səbinə Şıxlinskayanın installaysiyalarının da nümayiş olunduğu sərgi iyunun 11-dək ziyarət üçün açıqdır.
***
Almaniya səfirliyinin yaydığı məlumatda o da diqqətə çatdırılır ki, Federal Hökumətin nümayəndəsi Feliks Klaynın səfəri zamanı Azərbaycandakı dini müxtəliflik, yəhudi həyatı və dinlərarası dialoqun əhəmiyyəti ilə bağlı maraqlı və dəyərli müzakirələr aparılıb.
Qonaq Qubada yəhudi icmasının yaşadığı Qırmızı Qəsəbədə də olub, həmçinin Bakıda sinaqoq və məscidi ziyarət edib, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa və digər rəsmilərlə görüşüb.
“Bu görüşlər qarşılıqlı anlaşmanın və birgə yaşayış mədəniyyətinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə məlumatda vurğulanır.
Vüqar Orxan



























