İyunun 5-də Heydər Əliyev Sarayında qüdrətli söz ustadı, Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun (1906-1956) 120 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib.
Tədbir Səməd Vurğunun 120 illiyi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən, Mədəniyyət Nazirliyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə reallaşdırılıb.
Yubiley gecəsində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anar bildirib ki, Səməd Vurğunun yaradıcılıq işığı bu gün də xalqımızın müxtəlif nəsillərinin nümayəndələrini Vətəni, torpağı və ana dilini sevməyə səsləyir. Qeyd qeyd edib ki, məktəb illərindən hər birimiz Səməd Vurğunun “Azərbaycan” şeirini əzbər bilirik və bu əsər Azərbaycanın poetik xəritəsidir.
“Səməd Vurğun qəlblərdə yaşayır və bundan sonra da yaşayacaq. Çətin və mürəkkəb bir dövrdə fəaliyyət göstərən şair öz yaradıcılığı ilə xalqın yaddaşında silinməz iz qoyub. Onun “Vaqif” pyesi Azərbaycan xalqını məhv etməyin mümkünsüz olduğunu bir daha xatırladır. İllər keçsə də, şairin sözü və ideyaları hər zaman yaşayacaq və eşidiləcək”, – deyə AYB sədri vurğulayıb.
Ədəbi-musiqili tədbirdə dirijor Mustafa Mehmandarovun idarə etdiyi Azərbaycan Dövlət Akademik Opera və Balet Teartrının orkestri və solistlərin, eləcə də Beynəxalq Muğam Mərkəzinin Cahangir Cahangirov adına xorunun (bədii rəhbər: Əməkdar müəllim Təranə Yusifova) ifasında Səməd Vurğunun sözlərinə bəstələnmiş mahnılar səslənib. Səməd Vurğunun nəticəsi, şairin Bakıdakı ev-muzeyinin direktoru, pianoçu Vurğun Vəkilov da musiqi nömrələri ifa edib.
Aktyorların ifasında Səməd Vurğunun şeir və poemalarından parçalar qiraət olunub, "Komsomol poeması", "Aygün" poeması, "Vaqif" və "İnsan" mənzum dramları qəhrəmanlarının dili ilə yaradıcılığına bədii ekskurs edilib.
Şairin ömür-gün yoldaşı Xavər Vəkilovanın dilindən (monoloq ifa: Mehriban Zəki) ailə həyatına, övladları (oğulları Yusif, Vaqif, qızı Aybəniz) ilə münasibətlərinə dair xatirələr təqdim olunub.
Gecədə süni intellekt imkanlarından da istifadə olunaraq Səməd Vurğunun həyat və yaradıcılığını əks etdirən videoxronika, habelə şairin 1947-ci ilə aid tarixi çıxışından (Nizami Gəncəvinin 800 illik yubiley tədbirində) bir parça nümayiş olunub.
Yubiley tədbiri aktyorların ifasında Səməd Vurğunun ölməz poetik incisi – "Azərbaycan" şeirinin qiraət olunması ilə başa çatıb.
Sonda Səməd Vurğunun Ev-Muzeyi adından yubiley gecəsinin sənətçilərinə xatirə hədiyyələri təqdim edilib, tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlıq ifadə olunub.
























