F.Köçərli adına Respublika Uşaq Kitabxanası iyunun 3-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş maarifləndirici tədbir təşkil edib.
Tədbirdə 17 nömrəli tam orta məktəbin şagirdləri və müəllimləri iştirak ediblər.
Əvvəlcə kitabxananın əməkdaşı Xaqani Şirvaninin zəngin ədəbi irsi, Azərbaycan və Şərq poeziyasının inkişafındakı rolu haqqında söz açıb. Bildirib ki, Xaqani Şirvani Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri olmaqla yanaşı, bəşəri ideyaları, yüksək sənətkarlığı və dərin fəlsəfi düşüncələri ilə dünya ədəbiyyatında özünəməxsus yer tutur.
Tədbir zamanı şagirdlərə Xaqani Şirvaninin həyat və fəaliyyətini əks etdirən təqdimatlar nümayiş etdirilib, onun əsərləri və yaradıcılıq xüsusiyyətləri haqqında məlumat verilib.
Şagirdlər şairin poeziyasından nümunələr söyləyib, yubiley münasibətilə hazırlanmış kitab və nəşrlərlə tanış olublar.
Görüşün əsas məqsədi məktəblilərdə klassik ədəbi irsə marağın artırılması, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığının təbliği və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə töhfə vermək olub.
İştirakçılar Xaqani Şirvaninin zəngin irsinin öyrənilməsinin əhəmiyyətini vurğulayaraq belə maarifləndirici görüşlərin davamlı keçirilməsinin vacibliyini qeyd ediblər.






















