Xəbər verdiyimiz kimi, 5-7 iyun tarixlərində Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Bu münasibətlə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycanın mədəniyyət, elm və ədəbiyyat xadimləri, incəsənət ustaları və bədii kollektivlərindən ibarət nümayəndə heyəti dost ölkəyə səfər edib.
Azərbaycan Mədəniyyəti Günləri iyunun 5-də “Aşqabad” kinoteatrında “Tağıyev: Neft” tammetrajlı bədii filminin nümayişi ilə başlanıb.
Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov, iki ölkənin mədəniyyət xadimləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Nümayişdən əvvəl çıxış edən “Türkmənfilm”in baş direktorunun müavini Sahısaleh Bayramov Azərbaycan nümayəndə heyətini salamlayıb. Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərini əlamətdar hadisə kimi dəyərləndirən S.Bayramov bu kimi mədəni təşəbbüslərin iki ölkənin qardaş xalqlarının daha da yaxınlaşdırdığını bildirib.
Azərbaycan mədəniyyət nazirinin müşaviri Orxan Sadıqov (Fikrətoğlu) çıxış edərək ölkəmizin mədəni zənginliklərinin qardaş Türkmənistanda təqdim edilməsindən məmnunluğunu bildirib. Qeyd olunub ki, Azərbaycan və Türkmənistan rəhbərliyinin siyasi iradəsi sayəsində iki ölkə arasında əlaqələr mədəniyyət sahəsində də uğurla inkişaf edir. Ötən ilin oktyabr ayında Azərbaycanda Türkmənistan Mədəniyyəti Günlərinin yüksək səviyyədə keçirildiyini deyən müşavir qardaş türkmən xalqının çoxəsrlik mədəni mirasının yaddaşlarda dərin iz qoyduğunu diqqətə çatdırıb.
İki ölkə arasında mədəni əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirən O.Sadıqov nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə Türkmənistan tərəfinə minnətdarlıq edib.
Sonra “Tağıyev: Neft” tammetrajlı bədii filmi haqqında məlumat verilib. Bildirilib ki, ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb. Kinolent milyonçu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat yoluna həsr olunan çoxseriyalı “Tağıyev” filminin ilk seriyasıdır.
Filmin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı Etibar Əsədlidir. Filmdə Xalq artistləri Pərviz Məmmədrzayev (Tağıyev), Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva daxil olmaqla geniş peşəkar aktyor heyəti çəkilib.
























