Qarabağ və Şərqi Zəngəzurda arxeoloji qazıntılarla yanaşı, toponimiya, etnoqrafiya, antropologiya, fəlsəfə, folklor, dilçilik, əlyazmalar, memarlıq, eləcə də seysmologiya sahələri üzrə kompleks elmi tədqiqatlar aparılmalıdır. Arxeoloji tapıntıların elmi mahiyyətinin dolğun şəkildə şərh olunması üçün müxtəlif elm sahələrinin nümayəndələrinin birgə əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir və bu istiqamətdə fəaliyyət daha da genişləndirilməlidir.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bu barədə Arxeologiya və Antropologiya İnstitutunda 2026-cı il arxeoloji və antropoloji çöl-tədqiqat mövsümünün açılışına həsr olunmuş tədbirdə danışıb.

AMEA rəhbəri çıxışında Arxeologiya və Antropologiya İnstitutunda son illərdə aparılan tədqiqatların elmi əhəmiyyətindən və əldə olunan mühüm nəticələrdən bəhs edib. Bildirib ki, institut əməkdaşlarının yaponiyalı tədqiqatçılarla birgə Xocavənd rayonundakı Tağlar mağarasında apardıqları elmi ekspedisiya zamanı arxeoloji qazıntılar nəticəsində təxminən 80 min il əvvəl yaşamış neandertal insana aid yeni paleoantropoloji qalığın aşkar edilməsi Azərbaycan antropologiya elminin beynəlxalq miqyaslı ən böyük nailiyyətlərindən biridir. Hazırda tapıntı Yaponiyada elmi analiz mərhələsindədir. Alim bu kəşfi insan çənə sümüyünün tapılmasından sonra ötən yarım əsrdən artıq dövrdə Azərbaycan arxeologiyasının dünya antropologiya elminə verdiyi ən sanballı töhfə kimi qiymətləndirib.

Akademik İsa Həbibbəyli Naxçıvanın qədim tarixi ilə bağlı İlandağ yazısının 30 illik axtarışlardan sonra aşkarlanmasını da xüsusi vurğulayaraq, bu nailiyyətlərin Azərbaycan tarix, humanitar və ictimai elmlərinin yüksək inkişaf səviyyəsinin göstəricisi olduğunu bildirib. Alimin sözlərinə görə, bu tapıntılar Azərbaycan tarixinin dərin qatlarının müəyyənləşdirilməsi baxımından müstəsna elmi və ictimai əhəmiyyət daşıyır.

Arxeologiya sahəsində bu il ilk dəfə olaraq Azərbaycan Respublikasının Dövlət Mükafatının verildiyini söyləyən AMEA prezidenti bu mükafata Orta əsr Gəncə və Şəmkir şəhər yerlərində aparılan arxeoloji qazıntılar əsasında əldə etdiyi fundamental elmi nəticələrə görə tanınmış arxeoloq, tarix elmləri doktoru Tarix Dostiyevin layiq görüldüyünü diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli bu yüksək etimada görə Azərbaycan alimləri adından Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

AMEA rəhbəri son illərdə ölkənin müxtəlif regionlarında həyata keçirilən arxeoloji qazıntılarda şəxsən iştirak etdiyini vurğulayıb, həmçinin azərbaycanlı arxeoloqların xarici ölkələrdə aparılan tədqiqatlarda mütəmadi təmsil olunmasını mühüm elmi hadisə kimi dəyərləndirib. O, ötən il işğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspedisiyaların təşkil edildiyini, Qarabağın Xocalı, Əsgəran və digər bölgələrində aparılan tədqiqatların Azərbaycan tarixinin qədim izlərini üzə çıxardığını qeyd edib. Eyni zamanda, Laçın və Kəlbəcər rayonlarında da ilk arxeoloji ekspedisiyaların təşkili üçün hazırlıq işlərinin aparıldığını bildirib. Bu yaxınlarda Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutunun təsis olunması bu istiqamətdə atılmış mühüm addım kimi dəyərləndirilib.

***

2021-2022-ci illərdə Qarabağda cəmi bir neçə ekspedisiya fəaliyyət göstərdiyi halda, hazırda Ağdam, Xocalı, Xocavənd, Əsgəran və Zəngilan daxil olmaqla müxtəlif bölgələrdə arxeoloji tədqiqatların miqyası əhəmiyyətli dərəcədə genişlənib. Bununla belə, ərazilərdə geniş yayılmış mina təhlükəsi tədqiqatların aparılmasına maneə yaradan əsas amil olaraq qalır.

Bunu isə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, tədqiqatların həm başlanğıcında, həm də yekununda əldə olunan nəticələr ictimaiyyətə təqdim olunacaq. Artıq bir sıra ekspedisiyalar, o cümlədən Naxçıvanda Xaraba Gilan və Şahtaxtı ərazilərində fəaliyyətə başlayıb, digər ekspedisiyalar isə mərhələli şəkildə işə cəlb olunur.

Direktor bu istiqamətdə həyata keçirilən layihələrin elmi aktuallığı və tarixi əhəmiyyətini önə çəkərək bildirib ki, institutun tədqiqat proqramına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə, xüsusilə Zəngilanda, eləcə də Ağstafa və Qəbələdə arxeoloji araşdırmalara başlanılır. Bu tədqiqatlar Azərbaycanın tarix öncəsi və ilk dövlətçilik dövrü, antik və erkən orta əsrlər, Albaniya və Atropatena mədəniyyəti, orta əsr müsəlman şəhərlərinin arxeologiyası, həmçinin antropoloji araşdırmalar kimi mühüm istiqamətləri əhatə edəcək.

Araşdırmaların tam açıq və şəffaf xarakter daşıdığını vurğulayan Fərhad Quliyev onların Azərbaycanın tarixi və maddi-mədəni irsinin öyrənilməsinə xidmət etdiyini bildirib. Direktor media nümayəndələri və vətəndaş cəmiyyəti institutlarını tədqiqat nəticələrini geniş şəkildə işıqlandırmağa, gənclərin arxeologiya və antropologiya sahələrinə marağının artırılmasına dəstək verməyə çağırıb.

İnstitutun fəaliyyətinin Azərbaycan dövlətinin elmi və mədəni irsin qorunması sahəsində həyata keçirdiyi siyasətə uyğun şəkildə qurulduğunu bildirən Fərhad Quliyev əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə yanaşı, həmin ərazilərin tarixi-mədəni irsinin öyrənilməsi də qarşıda duran mühüm vəzifələrdən biridir. O, hazırda Şuşa və Xankəndidə ilkin kəşfiyyat işlərinin həyata keçirildiyini, tarixi abidələrin müəyyənləşdirildiyini və gələcək qazıntıların təşkili üçün elmi proqramların hazırlandığını diqqətə çatdırıb. Həmçinin institutun işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən digər dövlət qurumları ilə sıx əməkdaşlıq etdiyini deyib. 

Fərhad Quliyev institutun maddi-texniki bazasının gücləndirilməsi və elmi fondun təkmilləşdirilməsinin vacibliyinə də toxunub. Bildirib ki, əsas prioritetlərdən biri institut nəzdində fiziki antropoloji laboratoriyanın yaradılmasıdır ki, bununla bağlı Türkiyənin Hacettepe və Ankara universitetləri ilə əməkdaşlıq çərçivəsində müəyyən tədbirlər görülür, kadr və təcrübə mübadiləsi aparılır.