Azərbaycan Dövlət Uşaq Filarmoniyası və M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkil etdiyi (31 may – 3 iyun) "Uşaq dünyası" Musiqi Festivalının daha bir yaddaqalan sənət axşamı Milli İncəsənət Muzeyində keçirilib.
Konsert proqramında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının istedadlı yetirmələri dünya və Azərbaycan klassik musiqisinin nümunələrini tamaşaçılara təqdim ediblər.
Bu barədə Dövlət Uşaq Filarmoniyasından məlumat verilib.
Proqramın əvvəlində Mələk Mustafazadə, Həcər Hüseynli, İlay Kərimli və Nuray Səmədova Antonio Vivaldinin dörd skripka üçün konsertindən parça ifa ediblər. Gənc musiqiçilərin çıxışı böyük maraqla qarşılanıb.
Konsertdə daha sonra Volfqanq Amadey Motsart, Frederik Şopen, Frans Şubert, Pyotr Çaykovski və Henrik Venyavski kimi dünyaca məşhur bəstəkarların əsərləri səsləndirilib. Gənc ifaçılar fortepiano, skripka, tar, qarmon və kanon kimi müxtəlif musiqi alətlərində öz məharətlərini nümayiş etdiriblər.
Proqramda Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin yaradıcılığı xüsusi yer tutub. Qara Qarayev, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Üzeyir Hacıbəyli, Tofiq Quliyev və Fikrət Əmirovun əsərləri gənc ifaçıların təqdimatında səslənərək milli musiqi irsimizin zənginliyini bir daha təsdiq edib.
Tədbirin yaddaqalan məqamlarından biri xüsusi qayğıya ehtiyacı olan uşaqların, eləcə də müxtəlif bölgələrdən festivala qatılan gənc ifaçıların çıxışları olub. Şəki və Zaqataladan gələn iştirakçılar ifaları ilə proqramın rəngarəngliyini daha da artırıblar.
Gənc ifaçılar yüksək ifaçılıq məharəti, səhnə mədəniyyəti və musiqiyə olan sevgiləri ilə tamaşaçılar bol alqış qazanıblar.
Konserti izləyənlər arasında Meksikanın ölkəmizdəki səfiri xanım Viktoriya Romero da olub.
Sonda bütün iştirakçılara sertifikatlar təqdim edilib.


























