AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Türkdilli əlyazmaların tədqiqi və Türk dünyası əlyazmalarının tədqiqi şöbələrinin birgə təşkilatçılığı ilə mayın 25-də “I Türkoloji Qurultaydan bu günə: əlyazmaşünaslığın inkişaf problemləri” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Bu barədə Əlyazmalar İnstitutundan məlumat verilib.

I Türkoloji Qurultayın (1926) 100 illiyinə həsr olunmuş konfransı giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açıb. Bildirib ki, türk xalqlarının milli oyanış tarixində və özünüdərkində mühüm rol oynayan qurultayın 100 illik yubileyinin qeyd olunması Azərbaycan elmi və mədəni ictimaiyyəti üçün xüsusi önəm daşıyır.

Akademik 1926-cı ildə Birinci Türkoloji Qurultayın AMEA-nın Rəyasət Heyətinin binasında keçirildiyini xatırladaraq, qurultayda Türk dünyasının tanınmış alim və ziyalılarının bir araya gəldiyini, türk xalqlarının dili, tarixi, ədəbiyyatı, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı gələcəyə yönəlmiş mühüm qərarların qəbul edildiyini xatırladıb.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə qardaş ölkədə müxtəlif tədbirlərin və proqramların həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, 2026-cı il dil və mədəniyyət sahəsində ortaq irsimizin ön plana çıxarılması, eləcə də ortaq əlifba məsələsi ilə bağlı siyasi iradənin ifadə olunması baxımından son dərəcə əlamətdar bir dövrdür.

Milli Məclisin sədr müavini akademik Rafael Hüseynov çıxışında Bakıda 100 il öncə keçirilən bu möhtəşəm tədbirin türkoloji fikrin inkişafında yeni mərhələnin əsasını qoyduğunu qeyd edib. Qurultayın yalnız elmi hadisə deyil, həm də türk dünyasının mənəvi birliyini nümayiş etdirən tarixi platforma olduğunu diqqətə çatdıran akademik qurultay çərçivəsində latın qrafikalı əlifbaya keçid məsələsinin geniş müzakirə olunduğunu və bunun maarifçilik prosesinə mühüm təsir göstərdiyini vurğulayıb.

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli çıxışında I Türkoloji Qurultayın türk xalqlarının elmi-mədəni birliyinin formalaşmasında mühüm rol oynadığını, türkoloji fikrin inkişafında əhəmiyyətli mərhələ olduğunu qeyd edib. Qurultayın elmi əlaqələrin genişlənməsi və ortaq milli-mədəni dəyərlərin təbliği baxımından xüsusi önəm daşıdığını diqqətə çatdıran alim bu tarixi hadisənin türk dünyasının elmi inteqrasiyasında mühüm yer tutduğunu vurğulayıb. Bildirib ki, I Türkoloji Qurultay irsi bu gün də türk xalqları arasında elmi-mədəni əməkdaşlığın inkişafına öz töhfəsini verir.

Tədbirdə daha sonra TİKA-nın Bakı təmsilçisi Kürşat Özdəmir, Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Gökhan Seyhan, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru fil.e.d., professor Nadir Məmmədli, Əlyazmalar İnstitutunun şöbə müdirləri – tarix e.d., dosent Tahirə Həsənzadə, fil.e.d., dosent Aygül Hacıyeva və fil.ü.f.d., dosent Lamiyə Rəhimova çıxış ediblər.

Çıxışlarda Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən söz açılıb, keçirilən konfransın qurultay təşkilatçılarının elmi irsini müasir elmi yanaşmalar kontekstində təhlil etmək baxımından əhəmiyyəti vurğulanıb.

Tədbir çərçivəsində I Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş olunub.

Konfransın rəsmi hissəsindən sonra tədbir iştirakçıları Əlyazmalar İnstitutunun ekspozisiya zalını ziyarət ediblər. Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin müdiri tarix ü.f.d., dosent Nigar Babaxanova qonaqlara sərgi zalında nümayiş olunan qədim və nadir əlyazma nümunələri, elmi-tədqiqat müəssisəsinin fondunda mühafizə olunan yazılı abidələr, nadir eksponatlar, UNESCO-nun “Dünya yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilən əlyazma nüsxələri, o cümlədən həmin siyahıya salınan Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər albomu barədə məlumat verib.

Konfransın bölmə iclaslarında “Türkoloji Qurultayın tarixi və elmi irsi”, “Əlyazmaşünaslıq, mətnşünaslıq və mənbəşünaslıq”, “Türk dillərinin tarixi və müasir problemləri”, “Filologiya məsələləri” və “Türk tarixi mədəniyyəti və etnologiyası” istiqamətləri üzrə məruzələr dinlənilib, müzakirələr aparılıb.