Mayın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq şairi, ictimai-siyasi xadim Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd edilib.

Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov, Milli Məclisin sədr müavini Rafael Hüseynov, mədəniyyət naziri Adil Kərimli, digər rəsmilər, millət vəkilləri, ədəbiyyat, mədəniyyət, elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə yubilyarın həyat yolu və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Baş nazirin müavini Samir Şərifov çıxış edərək Sabir Rüstəmxanlının ədəbi yaradıcılığı və ictimai-siyasi fəaliyyətindən danışıb, Baş nazir Əli Əsədovun yubilyara təbrik məktubunu oxuyub.

Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adında Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, türkiyəli yazıçı-tərcüməçi İmdad Afşar, digər çıxış edənlər Sabir Rüstəmxanlıya təbrik sözlərini çatdırıblar.

Gecədə yubilyarın şeirləri qiraət olunub, sözlərinə yazılmış musiqi nömrələri təqdim edilib.

Sonda çıxış edən Sabir Rüstəmxanlı yubiley gecəsinin təşkilinə görə təşəkkürünü bildirib.

Tədbir çərçivəsində Akademik Milli Dram Teatrının foyesində Milli Kitabxana tərəfindən Sabir Rüstəmxanlının kitablarından ibarət sərgi də təşkil edilib.

Xalq şairinə 80 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyinin “Fəxri diplomu” təqdim olunub.