Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Bakı Şəhəri Gənclər və İdman İdarəsi Yasamal rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə milli istiqlal tariximizin şərəfli səhifəsi olan 28 May – Müstəqillik Gününə həsr edilən tədbir keçirilib.

“Müstəqillik günü - tariximizin şanlı səhifəsi” adlı tədbiri giriş sözü ilə kitabxananın direktoru Aslan Cəfərov açıb. O,  Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətinə qısa nəzər salaraq, bu dövrdə böyük işlər gördüyünü, bir çox ilklərə imza atıldığını – parlamentdə dövlət quruculuğu ilə bağlı qərarların qəbul olunduğunu, ordu qurulucuğuna başlanıldığını, dövlət atributlarımızın qəbul olunduğunu söyləyib. 

Gənclər və idman sektorunun aparıcı məsləhətçisi Rəna Ağayeva da çıxışında Azərbaycan Cümhuriyyəti dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması baxımından əhəmiyyətini vurğulayıb.

Tədbirdə kitabxana əməkdaşları tərəfindən hazırlanan “Milli mübarizə tariximiz: 28 May – Müstəqillik Günü” adlı təqdimat nümayiş olunub, kitabxana əməkdaşlarının süni intellekt texnologiyaları vasitəsilə hazırladığı “Şərqin ilk demokratik cümhuriyyətindən əbədi zəfərə doğru” adlı materialı haqqında məlumat verilib. 

Gənclər Kitabxanasında “28 May – Müstəqillik Günü” adlı ənənəvi kitab sərgisi də təşkil edilib.