Mayın 26-da Naxçıvan Dövlət Universitetində (NDU) “Şəhərsalma və Memarlıq İli” çərçivəsində və Memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransı (ICCHST – Naxçıvan 2026) işə başlayıb.
Bu barədə NDU-dan məlumat verilib.
Konfrans NDU və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı, Azərbaycan Turizm və Menecment Universiteti, Macarıstanın Széchenyi István Universiteti, Özbəkistanın Daşkənd Dövlət İqtisad Universiteti, Türkiyənin Qaradəniz Texniki Universiteti, Akdeniz Universiteti, Gümüşhane Universiteti, Ankara Hacı Bayram Veli Universiteti, Pamukkale Universiteti, Bayburt Universiteti və Adıyaman Universitetinin tərəfdaşlığı ilə keçirilir.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Konfrans iştirakçıları NDU kollektivi ilə birgə Heydər Əliyev Muzeyini də ziyarət ediblər.
Ardınca NDU-nun Memarlıq və mühəndislik fakültəsində təşkil olunan memarlıq sərgisinə baxış olub. Sərgi zamanı MDU-nun rektoru Anar Eminov tərəfindən NDU-nun rektoru Elbrus İsayevə Azərbaycanın 5 bölgəsinə məxsus xalça ornamentlərindən ibarət döş nişanları hədiyyə olunub. Fakültə kollektivi tərəfindən isə Memar Əcəmi ilə bağlı nəşrlər MDU heyətinə təqdim edilib.
Qonaqlar Pedaqoji fakültədə və İncəsənət fakültəsində təşkil olunan sərgilərə də baxıblar.
NDU-nun konqres mərkəzində keçirilən konfransı giriş sözü ilə açan rektor Elbrus İsayev qeyd edib ki, bu gün şəhərsalma və memarlıq sahəsində aparılan işlər, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində yeni mərhələyə qədəm qoyulub. Rektor bildirib ki, bu proses innovativ yanaşmaların tətbiqi ilə müşayiət olunur. Bu gün inşa olunan yeni infrastrukturlar gələcəyin şəhər modeli kimi çıxış edir və biz bu təcrübəni həm tədris prosesinə, həm də elmi tədqiqatlara inteqrasiya etməyi hədəfləyirik. Bu sahədə tələbələr və gənc tədqiqatçılar üçün geniş imkanlar yaradılıb.
MDU-nun rektoru Anar Eminov çıxışında innovativ yanaşmalar əsasında universitetlərin nəzəri biliklə yanaşı, həm də praktik və sənaye yönümlü həllər formalaşdıran elmi mərkəzlər kimi fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, universitetlərin qarşısında duran əsas vəzifələrdən biri elmi fəaliyyətin real sektorla inteqrasiyasını gücləndirməkdir. Bu baxımdan turizm və xidmət sənayesi ilə əlaqəli tədqiqatların genişləndirilməsi, sənaye yönümlü layihələrin təşviqi və magistr səviyyəsində hazırlanan dissertasiya işlərinin regional turizm inkişafı, mədəni irsin rəqəmsallaşdırılması kimi tətbiqyönümlü istiqamətlərə yönəldilməsi xüsusi əhəmiyyət daşıyır.
Konfransda daha sonra Gümüşhane Universitetinin rektoru Oktay Yıldız, Milli Məclisinin deputatı, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, eləcə də videoformatda Akdeniz Universitetinin rektoru Özlenen Özkan və Pamukkale Universitetinin rektoru Mahmud Güngör çıxış ediblər.
Konfransın əhəmiyyəti, mədəni irsin qorunması, dayanıqlı turizmin inkişafı və universitetlərarası elmi əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
NDU-nun elm və İnnovasiya məsələləri üzrə prorektoru Elsəvər Əsədov diqqətə çatdırıb ki, iki gün davam edəcək konfransın bölmələr üzrə proqramına 40 elm-təhsil müəssisəsindən 212 əməkdaşın 156 məruzəsi, eyni zamanda tələbə bölməsində 10 məruzə daxildir.
Rəsmi hissənin davamında qarşılıqlı hədiyyələr və plaketlər təqdim olunub.
Bədii hissədə “Sazın sədası” adlı konsert proqramı təqdim edilib.
























