Mayın 25-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində məşhur azərbaycanlı cərrah, türkoloq-alim, professor Cavad Heyətin (1925–2014) xatirəsinə həsr olunmuş ədəbi məclis keçirilib.
Tədbirdə görkəmli alimin fars dilindən tərcümə olunaraq 2025-ci ildə Bakıda nəşr olunmuş “Mən və atam” adlı xatirələr toplusunun təqdimatı olub.
Muzeyin direktoru akademik Rafael Hüseynov Cavad Heyətin türkologiya, tibb elmi və digər sahələrdə əvəzsiz xidmətlərindən bəhs edib, alimin çoxşaxəli yaradıcılığı, onun ədəbiyyatşünaslıq, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin ən müxtəlif məsələlərinə dair tədqiqatları barədə ətraflı məlumat verib. Bildirib ki, Cavad Heyətin zəngin və səmərəli fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor, eləcə də islamşünaslığa dair tədqiqatlar mühüm yer tutur. Bu əsərlərdə Azərbaycan dilinin inkişaf mərhələləri, şifahi xalq ədəbiyyatı, ədəbiyyatşünaslıq, folklor, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin ən müxtəlif məsələlərindən əhatəli bəhs olunur.
Cavad Heyətin ikisi fars və beşi türk dilində olan yeddicildlik türkologiya kitabının müəllifi olduğunu diqqətə çatdıran Rafael Hüseynov qeyd edib ki, Cavad Heyət yalnız Vətəni Azərbaycanın, ata yurdu İranın, min bir tellərlə bağlı olduğu Türkiyənin deyil, bütün dünyanın vətəndaşı olan nadir insanlardan olub. Çünki o, böyük yolunun başlanğıcında həkimlik sənətini seçib və bu peşə sahibinin də ali vəzifəsi insana xidmət, insan həyatını hifz etməkdən ibarətdir. Professor Cavad Heyət 1993-cü ildə İrandan Azərbaycana tibbi və mənəvi dəstək missiyasına başlayıb, Birinci Qarabağ müharibəsində yaralanmış azərbaycanlı əsgərlərin İranda müalicəsini təşkil edib, həmçinin Kəlbəcərin işğalından sonra Türkiyə Prezidentinə bölgədəki soyqırımı pisləyən və dəstək istəyən məktublar ünvanlayıb. Tehranda rəhbərlik etdiyi “Cavid” klinikasında 150-dən çox yaralı döyüşçümüzün müalicə və əməliyyat olunmasını təmin edib.
Cavad Heyətin İran və Azərbaycan arasında mədəni, ədəbi və elmi körpü rolunu oynayan ən böyük şəxsiyyətlərdən biri olduğunu deyən Rafael Hüseynov bildirib ki, o, yaratdığı “Varlıq” jurnalı ilə hər iki regionun ziyalılarını bir araya gətirib, milli şüurun oyanmasında və bütövləşmə ideyasının təbliğində müstəsna xidmətlər göstərib. Bu jurnal İranda və bütün dünyada yaşayan Azərbaycan türklərinin milli-mənəvi varlığını isbat edən, qoruyan, yaşadan, zənginləşdirən bir nəşr kimi fəaliyyət göstərib.
Vurğulanıb ki, 36 il boyunca Cavad Heyət “Varlıq” dərgisini sadiq köməkçilərinin, dəstəyə yeni qoşulan silahdaşlarının dəstəyi ilə buraxıb. Bunu öz əsas həyati missiyasının, millət quruculuğuna, türklüyə, azərbaycançılığa xidmətinin ümdə halqalarından biri kimi qavrayıb.
Qeyd edilib ki, Cavad Heyət həm də mükəmməl bir tarixçi, ədəbiyyatşünas, folklorçu, dilçi, filosof, mədəniyyətşünas, ilahiyyatçı olub, bu istiqamətlərin hər birinə aid köhnəlməz, masaüstü olmağa layiq əsərlər yazıb. Cavad Heyətin ”Atam və mən” adlı xatirələr toplusundan da bəhs edən akademik nəşrdə bu ailə haqqında ətraflı məlumatların yer aldığını söyləyib. Bildirib ki, Cavad Heyət dövrünün tanınmış ziyalısı və dövlət xadimi olan Mirzə Əli Heyətin 9 övladından biri olub. İranın dövlətçilik, düşüncə və mənəviyyat həyatındakı seçkin simalardan olan Mirzə Əli Heyət Təbriz məhkəməsinin ilk sədri, İranın baş prokuroru və daha sonra ədliyyə naziri işləyib.
Ədəbi məclisdə tarix elmləri doktoru Eynulla Mədətli, filologiya elmləri doktoru Esmira Fuad, filologiya elmləri doktoru, dosent Pərvanə Məmmədli, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə, 1945-ci ildə Güney Azərbaycanda müstəqillik uğrunda vuruşan fədailərdən biri olmuş Firudin İbrahiminin qardaşı oğlu hüquqşünas Firudin İbrahimi, mərhum professorun ailə dostu və köməkçisi olmuş Baxşəli Zülfi, digər çıxış edənlər Cavad Heyətin şərəfli ömür yolundan, zəngin yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Muzey əməkdaşlarının mövzu ilə bağlı məruzələri dinlənilib.
Ekspozisiya şöbəsinin müdiri Əməkdar mədəniyyət işçisi Tomiris Babanlı professor Cavad Heyətin bir neçə dəfə Ədəbiyyat Muzeyini ziyarət etdiyini bildirib, alimin muzeydə sərgilənən şəxsi əşyaları və arxiv materiallarından bəhs edib.
Elmi fondlar şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Nərmin Əliyeva “Cavad Heyət və Şəhriyar: Varlıqdan doğan mənəvi körpü” mövzusu ətrafında təhlil və araşdırmalarını diqqətə çatdırıb. Qeyd edib ki, Cavad Heyət İran azərbaycanlılarının mənəviyyat mənbəyinə çevrilən anadilli “Varlıq” jurnalında Şəhriyarın yaradıcılığına xüsusi yer ayırıb, şairin əsərlərini mütəmadi olaraq jurnalda dərc etdirib.






















