Mayın 25-də Milli Kitabxananın Mədəniyyət Nazirliyi ilə birgə nəşr etdiyi “Əcəmi Naxçıvani. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov tədbiri açaraq Əcəmi Naxçıvaninin Azərbaycan memarlıq məktəbinin inkişafındakı misilsiz xidmətlərindən danışıb, onun yaratdığı memarlıq nümunələrinin dünya memarlıq tarixində mühüm yer tutduğunu qeyd edib. Bildirib ki, dahi memarın müəllifi olduğu abidələr yüksək sənətkarlıq xüsusiyyətləri, estetik gözəlliyi və mühəndislik dəqiqliyi ilə seçilir.
Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə vurğulayıb ki, Əcəmi Naxçıvani XII əsrdə yaşamış, Şərq memarlığının inkişafına böyük töhfə vermiş görkəmli Azərbaycan memarıdır və bu abidələr əsrlər boyu öz əzəmətini qoruyub saxlayıb, Azərbaycan xalqının zəngin mədəni irsinin parlaq nümunələrinə çevrilib.
Memarlar İttifaqının sədri Əməkdar memar, professor Elbay Qasımzadə bildirib ki, yaratdığı sənət nümunələri əsrləri aşaraq bu gün də xalqın milli kimliyini, estetik düşüncəsini və mədəni gücünü yaşadan böyük sənətkarların sırasında Əcəmi Naxçıvani xüsusi yer tutur və onun adı yalnız Azərbaycan memarlığı ilə deyil, bütövlükdə Şərq memarlıq məktəbi ilə bağlı böyük bir zirvədir.
Milli Məclisin deputatları Fazil Mustafa, Asif Əsgərov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, AMEA-nın İncəsənət və Memarlıq İnstitutunun aparıcı elmi işçisi, professor Rahibə Əliyeva, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin Sənəd menecmenti kafedrasının müdiri, dosent Nadir İsmayılov, BDU-nun Mərkəzi Elmi Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Nigar İsmayılova Əcəmi Naxçıvani irsinə nəzər salıblar.
Tədbir çərçivəsində “Memar Əcəmi Naxçıvani-900” elektron məlumat bazasının təqdimatı da olub. Bazada böyük memarın həyat və yaradıcılığı ilə bağlı zəngin materiallar – rəsmi sənədlər, haqqında fikirlər, kitablar, elmi məqalələr, qəzet və jurnal materialları, həmçinin müxtəlif dillərdə nəşr edilmiş kitablar, foto və videolar sistemli şəkildə oxuculara təqdim olunur.

























