Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Fikrət Əmirov adına 1 nömrəli uşaq musiqi məktəbində Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sahib Paşazadənin iştirakı ilə ustad dərsi keçirilib.
Bu barədə regional idarədən məlumat verilib.
Mayın 22-də təşkil olunan tədbirdə Gəncə-Daşkəsən RMİ-nin əməkdaşları, musiqi məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.
Əvvəlcə Sahib Paşazadə Azərbaycanın ilk musiqi təhsili ocaqlarından biri olan, 103 illik tarixə malik məktəblə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.
Ustad dərsi zamanı Sahib Paşazadə Azərbaycan tar ifaçılığı ənənələri, inkişaf mərhələləri, muğamların və bəstəkar əsərlərinin ifa xüsusiyyətləri barədə ətraflı məlumat verib. O, tarda muğamlardan nümunələr ifa edərək alətin düzgün tutulma qaydaları və çalğı ştrixləri haqqında söz açıb.
Görüşdə Sahib Paşazadə və məktəbin direktoru Oqtay Şərifov tərəfindən birgə ifalar da təqdim edilib.
Sonda Gəncə-Daşkəsən RMİ-nin rəisi Nail Məmmədovun adından Sahib Paşazadəyə “Təşəkkürnamə” təqdim olunub.























