Əməkdar artist, tarzən Sahib Paşazadə Özbəkistanda “Sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD)” elmi dərəcəsi alıb.

Bununla bağlı diplom Daşkənddə “Musiqi təhsili: qlobal miqyasda vahid platformaya doğru” mövzusunda beynəlxalq forum çərçivəsində Yunus Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutunda təşkil edilən “Özbəkistan milli musiqi sənətində yeni tendensiyalar və innovativ proseslərin inteqrasiyası” adlı beynəlxalq elmi-praktik konfransda tarzənə təqdim edilib.

İnstitutun rektoru professor Eldor Shermanov Sahib Paşazadəni təbrik edərək bildirib ki, Özbəkistan Respublikası Ali Attestasiya Şurasının 8 may 2026-cı il tarixli iclasının 385-1 saylı qərarına əsasən, tarzənə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Rektor qeyd edib ki, Sahib Paşazadə institutun tarixində bu uğura nail olan ilk əcnəbi dissertantdır. Diqqətə çatdırıb ki, bu faktın əlamətdar tərəflərindən biri də tarzənin Özbəkistanda dissertasiya müdafiə edən ilk azərbaycanlı instrumental ifaçı olmasıdır.

Sahib Paşazadə qardaş Özbəkistan dövlətinə, Yunus Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutuna və rektor Eldor Şermanova, elmi rəhbərinə və əməyi keçən hər kəsə təşəkkür edərək bildirib ki, bu uğur eyni zamanda Azərbaycan ilə Özbəkistan arasında uzun illərə söykənən qardaşlıq, dostluq münasibətlərinin parlaq təcəssümüdür.

Tarzən vurğulayıb ki, gələcək fəaliyyətində iki ölkə arasında mədəniyyət və təhsil sahələrində əməkdaşlığın daha da möhkəmlənməsi naminə bilik və bacarıqlarını əsirgəməyəcək.

Məlumat üçün bildirək ki, Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist, Özbəkistanın Mədəniyyət səfiri Sahib Paşazadə 2026-cı il marın 18-də Yunus Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutunda elmlər doktoru Azatgül Tashmatovanın elmi rəhbərliyi ilə “Tar üçün yazılmış əsərlərdə muğamdan istifadə məziyyətləri” mövzusunda dissertasiya işini uğurla müdafiə edib.