Mayın 20-də Ankara şəhərində Türkiyənin və müxtəlif ölkələrin ictimai-siyasi, media, mədəniyyət, sənət və akademik sahələr üzrə tanınmış simalarını bir araya gətirən 4-cü “Gümüş Karyera Ödülləri”nin təqdimetmə mərasimi olub.

Azərbaycanı bu nüfuzlu platformada teatr və kino rejissoru Saida Haqverdiyeva təmsil edib. O, kino və teatr sahələrində uzunillik səmərəli yaradıcılıq fəaliyyətinə, milli-mənəvi dəyərlərin sənət vasitəsilə təbliğinə, eləcə də Qarabağ müharibəsinin ağrılarını və insan talelərini əks etdirən “Köhnə çamadanlar” bədii filminin uğurlu beynəlxalq təqdimatına görə “Gümüş Karyera” mükafatına layiq görülüb.

Xatırladaq ki, “Köhnə çamadanlar” tammetrajlı filminin 2024-cü ildə Ankarada keçirilən premyerası qardaş ölkənin media məkanında böyük maraq doğurub, film haqqında məqalə, müsahibə və süjetlər yayımlanıb. Ekran əsəri müharibənin insan talelərində buraxdığı dərin izləri həssas və emosional dillə təqdim edən uğurlu sənət nümunəsi kimi qiymətləndirilib.

Təltifetmə mərasimində çıxış edən Saida Haqverdiyeva bu mükafatı yalnız şəxsi yaradıcılığının deyil, ümumilikdə Azərbaycan mədəniyyətinin və qadın sənətkarlarının uğuru kimi dəyərləndirdiyini bildirib.

O qeyd edib ki, fəaliyyəti boyunca insanın mənəvi dünyasını, xüsusilə qadınların daxili duyğularını, cəmiyyət içində yaşadığı psixoloji və sosial mübarizələri sənətin dili ilə ifadə etməyə çalışıb: “Mənim üçün sənət sadəcə peşə deyil. Sənət insanın ruhuna toxunmaq, onu düşündürmək, hiss etdirmək və bəzən də susaraq danışmaqdır. İllərdir teatr və kino vasitəsilə qadının daxili aləmini, onun cəmiyyətlə münasibətlərini, ağrılarını, sevgisini və gücünü göstərməyə çalışmışam. Bu gün belə bir beynəlxalq mükafata layiq görülmək mənim üçün böyük qürur və məsuliyyətdir.”

Rejissor çıxışında Azərbaycan və Türkiyə arasındakı mədəni bağların önəmini də xüsusi vurğulayıb: “Qardaş Türkiyədə Azərbaycan incəsənətinə göstərilən diqqət və sevgi bizi daha böyük işlər görməyə ruhlandırır. İnanıram ki, mədəniyyət xalqları bir-birinə daha da yaxınlaşdıran ən böyük körpüdür. Bu mükafatı ölkəmin sənət cameəsi, teatr və kino mühitində çalışan bütün yaradıcı insanlar adından qəbul edirəm.”

S.Haqverdiyeva qeyd edib ki, Qarabağ mövzusunun beynəlxalq auditoriyaya çatdırılması onun yaradıcılığında xüsusi yer tutur: “Bizim yaşadığımız ağrıları, keçdiyimiz yolları və qazandığımız Zəfərin mənəvi tərəflərini sənət dili ilə dünyaya anlatmaq vacibdir. “Köhnə çamadanlar” filmi də məhz insan taleləri üzərindən yaddaş, həsrət və Vətən anlayışını təqdim etməyə çalışır.”

Məlumat üçün bildirək ki, “Gümüş Karyera Ödülləri” müxtəlif sahələrdə fərqlənən şəxslərin təltif olunduğu beynəlxalq ictimai-mədəni layihədir. Mükafatlandırma BY Media şirkətinin “Protokol” dərgisi tərəfindən həyata keçirilir və siyasət, biznes, media, sənət, elm və ictimai fəaliyyət sahələrində uğur qazanan şəxsləri əhatə edir.