UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə (UNESCO Creative Cities Network – UCCN) Azərbaycandan üzv olan şəhərlərlə şəbəkə arasında əməkdaşlıq məsələlərinə həsr olunmuş görüş keçirilib.

Mayın 20-də Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzində (Yaradıcı Mərkəz) təşkil olunan görüşdə UCCN-in katibi Denise Bax, proqramlar üzrə layihə meneceri Qiaobo Ni, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru Rəşad Əzizov, Yaradıcı Mərkəzin direktoru Rəşad Cəfərov, şəbəkəyə üzv şəhərlərin nümayəndələri və digər şəxslər iştirak ediblər.

Xatırladaq ki, Azərbaycanın üç şəhəri – Şəki “sənət və sənətkarlıq” (2017), Bakı “dizayn” (2019), Lənkəran “qastronomiya” (2021) istiqamətləri üzrə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin üzvüdür.

Çıxışlarda yaradıcı sənayelərin inkişafı, rəqəmsal həllərin tətbiqi, yaradıcı ekosistemlərin formalaşdırılması və gənclərin bu sahəyə cəlb edilməsinin əhəmiyyəti vurğulanıb.

Həmçinin Azərbaycanın şəbəkəyə üzv şəhərləri üçün hazırlanmış 4 illik əməkdaşlıq planı, təcrübə mübadiləsi və birgə fəaliyyət imkanları barədə məlumat verilib.

Görüşdə Azərbaycanın daha çox şəhərinin UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə qoşulması perspektivləri də müzakirə olunub. Hazırda şəbəkəyə dünya üzrə 400-dən çox şəhər daxildir.